Azərbaycan, Bakı, 22 may /Trend/
Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) 4 nömrəli istehsalat sahəsinin tədrici kokslaşdırma qurğusunda təmir işləri başa çatıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə sobaların ilanvari borularının daxilindəki koks qalıqları hava-buxar qarışığı ilə təmizlənib, digər qüsur və çatışmazlıqlar aradan qaldırılıb, siyirtmə və boru xətlərində sızma və buraxılışlar ləğv olunub. Təmir zamanı K-301 retifikasiya kolonunun 500 mm-lik şlyom xətləri dəyişdirilərək yeniləri ilə əvəz olunub. Həmin kolonun içərisində S-şəkilli boşqablar təmizlənib, sıradan çıxmışları yeniləri ilə əvəzlənib.
Həmçinin, K-310 kolonunda neft məhsullarının tam tutulması üçün 7 ədəd kaskadlı boşqab daha effektli klapanlı boşqablarla əvəz olunub, bəzi aparatların içərisi çöküntülərdən təmizlənib, nasosların soyutma sistemində 2 ədəd susoyuducu quraşdırılıb. Reaktorlar bölməsində R-301/4 reaktorunun istismar müddətini başa vurmuş tərpənməz kanatları da təzələri ilə əvəzlənib.