...

"Şahdəniz" üzrə tərəfdaşlar TAP layihəsində pay alıblar (ƏLAVƏ OLUNUB-2)

Energetika Materials 30 İyul 2013 17:12 (UTC +04:00)
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar bp, ARDNŞ və "Total" Trans-Adriatik qaz kəməri layihəsində pay əldə ediblər.
"Şahdəniz" üzrə tərəfdaşlar TAP layihəsində pay alıblar (ƏLAVƏ OLUNUB-2)

ARDNŞ-nin məlumatı əlavə olunub (ilk xəbər saat 14:47-də yayılıb)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar - BP, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Total" şirkəti Trans-Adriatik qaz kəməri (TAP) layihəsində pay əldə ediblər. Daha əvvəl TAP şirkətlər tərəfindən Avropaya qaz tədarükü marşrutu qismində seçilmişdi.

BP və ARDNŞ hər biri 20 faiz, "Total" isə 10 faiz iştirak payı alıb. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı TAP-ın yaydığı məlumatda deyilir.

Məlumata görə, həmçinin Avropada tranzit qazının iri operatoru "Fluxys" da layihəyə qoşulacaq. Operator 16 faiz iştirak payına sahibdir.

Hazırda TAP-da pay bölgüsü aşağıdakı kimidir: BP (20 faiz), ARDNŞ (20 faiz), "Statoil" (20 faiz), "Fluxys" (16 faiz), "Total" (10 faiz), E.ON (9 faiz) və "Axpo" (5 faiz).

ARDNŞ TAP layihəsinə qoşulması barədə məlumatı təsdiq edib. Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilir ki, ARDNŞ-nin Trans-Adriatik boru kəməri layihəsində iştirakını təmin etmək məqsədilə İsveçrənin Sürix şəhərində ARDNŞ ilə "TAP AG" şirkətinin hazırkı səhmdarları arasında səhmlərin alqı-satqısı barədə müqavilənin imzalanması mərasimi keçirilib:

"Mərasim zamanı, həmçinin ARDNŞ, PEG, AXPO, BP, "Fluxys", "Total" və "Statoil" şirkətləri arasında "TAP AG" şirkətinin yeni səhmdarlar müqaviləsi imzalanıb. Bununla da ARDNŞ-nin TAP boru kəməri layihəsinə qoşulması rəsmiləşdirilib".

Qeyd olunur ki, Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi TAP boru kəməri vasitəsilə həyata keçiriləcək. Boru kəməri Yunanıstan və Albaniya ərazilərindən, habelə Adriatik dənizindən keçərək İtaliyanın cənub sahilinə qədər uzanacaq.

ARDNŞ-nin məlumatında deyilir ki, TAP boru kəməri Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən "Cənubi Qaz Dəhlizi"ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək.

TAP-ın idarəedici direktoru Kyetil Tunqland "Şahdəniz" səhmdarlarını və Fluxys-i TAP layihəsində salamlayaraq bildirib ki, yeni səhmdarlar qaz kəmərinin strateji mövqeyini xeyli yaxşılaşdırmağa imkan verəcəklər.

Tunqland qeyd edib ki, bu, ümumilikdə "Cənubi Qaz Dəhlizi"nin gələcəkdə inteqrasiyasının möhkəmlənməsinə yardım edəcək.

Onun sözlərinə görə, TAP səhmdarları gələcəkdə layihəyə qoşulmaq niyyətində olan digər strateji tərəfdaşlar üçün açıq olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti