Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
2013-cü ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 480 050 ton Azərbaycan nefti nəql olunub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 20 220 005 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il sentyabr ayının 1-dək BTC-yə 225 671 819 ton neft vurulub.
Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə 201 401 ton Türkmənistan nefti nəql olunub.
2013-cü ilin avqust ayı ərzində 2 445 065 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 511 874 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 19 897 616 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il sentyabr ayının 1-nə qədər Ceyhan limanından 223 564 270 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.