Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Bu gün Bərdə və Ağdaş rayonlarının daha 4 kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bərdənin Bala Ərəb və Nəcəfqulubəyli kəndlərinə təbii qazın verilməsinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 197 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 3047 metr uzunluğunda metal və 6821 metr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 197 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Ağdaş rayonunun Əmirmahmud və Qarağamsaat kəndlərinə də təbii qazın verilməsi bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd edilib ki, kəndlərin qazlaşdırılması üçün ümumilikdə 6786 metr uzunluğunda polad borular çəkilib, 107 abonentin mənzilinə sayğac, qaz şəbəkəsində isə 3 ədəd qaztənzimləyici şkaf quraşdırılıb.