Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) texnoloji qurğuların elektrik enerjisi ilə fasiləsiz təchiz edilməsi məqsədi ilə davamlı olaraq yenidənqurma işləri həyata keçirilir.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, zavodun elektrik enerjisi ilə təminatında mühüm rol oynayan 110/6 kV-luq 204 N saylı yarımstansiyada yenidənqurma işlərinə start verilib, həmçinin "Bakıelektrikşəbəkə" ASC tərəfindən 204 P saylı yarımstansiya yenidən inşa olunub. 1980-ci ildən istismarda olan bu yarımstansiyaların bölmələri demontaj edilib, yeni inşa olunmuş qapalı yarımstansiyada zavoda məxsus müasir standartlara cavab verən vakuum tipli yüksək gərginlik yuvalarında sınaq-sazlama işləri tam başa çatdırılıb.
Yarımstansiya istismara buraxılıb və normal sxem tam bərpa olunub.
Hazırda 204 N saylı yarımstansiyada işlərin 70%-dən çoxu görülüb. Yenidənqurma işlərinin başa çatdırıldığı III və IV bölmələr istismara verilib. II bölmədə montaj işləri qurtarıb.
Yüksək gərginlikli kabellərin çəkilişi və sazlama işləri davam etdirilir. Yaxın günlərdə bu bölmənin istismara verilməsi nəzərdə tutulur. I bölmədə isə işlərin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.