Gürcüstan, Tbilisi, 14 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan bazarında satılan Azərbaycan benzininin qiymətini azaltmağı planlaşdırmır.
Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev gürcü jurnalistlərin Gürcüstanın energetika naziri Kaxa Kaladzenin duru yanacağın qiymətinin aşağı salınması ilə bağlı bəyanatına dair suallarını cavablandırarkən bildirib.
R.Abdullayev qeyd edib ki, neftin qiymətlərinin artdığı bir vaxtda neft məhsullarının qiymətinin azaldılması məntiqsizdir.
ARDNŞ prezidentinin sözlərinə görə, bundan əlavə, Şirkət ilin sonuna dizel yanacağının əvvəlki qiymətinə qayıdacaq: "Biz kənd təsərrüfatı işlərinin aparılması zərurətini nəzərə alaraq, Gürcüstan hökumətinin xahişi ilə yanacağın bu növünün qiymətini azaltdıq, lakin bu daimi əsasda davam edə bilməz".