Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Çərşənbə günü ABŞ-ın enerji şirkəti Ermənistanın "Vorotan" SES kompleksini 250 milyon dollara alıb. Bu sövdələşmə Ermənistan iqtisadiyyatına qoyulan ən iri ABŞ investisiyasıdır. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" yazır.
"Vorotan" SES kompleksinin əmlakının alqı-satqısına dair müqavilə Ermənistan hökuməti, "Vorotan SES kompleksi" QSC və ABŞ-ın "Contour Global Hydro Cascade" və "CG Solutions Global Holding Company" şirkətləri arasında imzalanıb.
"Contour Global Hydro Cascade" şirkəti "Vorotan" SES kaskadı üçün 180 milyon dollar ödəyib və qarşıdakı 6 il ərzində kompleksin modernləşdirilməsi və yenidən qurulması üçün daha 70 milyon dollar sərmayə qoyacaq.
Ermənistan hökumətinin rəsmi saytında dərc olunan məlumatda deyilir ki, Ermənistan tərəfdən müqaviləni energetika və təbii sərvətlər naziri Armen Movsisyan, "Contour Global Hydro Cascade" və "CG Solutions Global Holding Company" tərəfdən Harri Livski, "Vorotan SES kompleksi" QSC adından şirkətin baş direktoru Sasun Xaçatryan imzalayıblar. İmzalama mərasimində Baş nazir Tiqran Sarkisyan da iştirak edib.
"Vorotan SES kompleksi" QSC 1997-ci ildə yaradılıb, şirkətin səhmlərinin 100 faizi dövlətə məxsusdur.
ABŞ-ın "Contour Global Hydro Cascade" şirkəti 2005-ci ildə şirkətin hazırkı direktoru Cozef Brandt və "Reservoir Capital Group" şirkəti tərəfindən yaradılıb. Şirkətin mənzil-qərargahı Nyu-Yorkda yerləşir. Şirkət dünyanın 17 ölkəsində 33 elektrik stansiyasına malikdir. Şirkətdə 1650 nəfər işçi çalışır.