...

Natiq Əliyev: Azərbaycan qazının Avropaya ixracı üzrə layihənin dəyəri 50 milyard dolları ötür

Energetika Materials 28 Aprel 2014 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov /

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz ixracının təmin olunması layihəsinin reallaşdırılması 50,6 milyard dollar həcmində qiymətləndirilir. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bazar ertəsi Bakıda keçirilən VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında bildirib.

Bununla yanaşı, xüsusilə mal və xidmətlər bazarında mümkün dəyişikləri nəzərə almaqla gələcəkdə bu rəqəmin artacağını istisna etməyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qazının Avropaya ixracını təmin etmək, eləcə də "Şahdəniz" layihəsinin reallaşdırılması, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi,Trans-Anadolu (TANAP) və Trans Adriatik qaz kəmərlərinin (TAP) yaradılması üzrə fəal iş aparılır.

N.Əliyevin qeyd etdiyi kimi, Xəzər regionu enerji resurslarının böyük ehtiyatlarına və ixrac potensialına malikdir. Azərbaycan böyük ehtiyatlara malik Xəzər regionu ölkələri ilə enerji resurslarına yüksək tələbat göstəriciləri ilə fərqlənən Avropa bazarları arasında mühüm coğrafi mövqe tutur.

Nazir qeyd edib ki, Xəzər regionunun böyük enerji potensialını nəzərə almaqla perspektivdə istehsalçı və tranzit ölkələri cəlb etməklə vahid energi nəqli məkanı formalaşdırmaq mümkündür ki, bu da ölkələr arasında bütün sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi və qarşılıqlı təsir mexanizmlərinin formalaşdırılmasını tələb edir.

Qeyd edək ki, "Şahdəniz" tərəfdaşları (satın alma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP - operator (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).

VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı Britaniyanın "Confidence Capital" şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə birlikdə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti