Azərbaycan, Bakı, 12 may /Trend/
Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) əsas istehsalat obyektlərindən sayılan neftin ilkin emalı üzrə 21 nömrəli ED-AV-6 qurğusu əsaslı təmirdən sonra istismara buraxılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir zamanı S-1/1 sobasının nəqliyyat xəttinə qədər olan çıxış xətləri, S-1/2 və S-1/3 sobalarının daxilində radiant hissənin boruları dəyişdirilib, S-1/2 və S-1/3 sobalarından K-2 kolonuna gedən nəqliyyat xətləri və K-2 kolonunun əlaqələndirici xətləri yeniləri ilə əvəz olunub, mövcud vakuumyaradıcı sistem yenidən qurulub.
Bundan başqa, R-201 reaktorunun daxilində kaskad boşqabların bir neçəsi dəyişdirilib, reaktorun gövdəsində daxili torkret - beton izolə qatlarının yararsız vəziyyətdə olan hissələri bərpa edilib, reaktorun daxilindəki siklon qrupunun üstündə yeni su buxarı püskürücüləri hazırlanaraq quraşdırılıb.
Əsaslı təmir işləri zavodun təmir-quraşdırma üzrə 13 nömrəli sahəsi, eləcə də 16 nömrəli İnşaat-İstehsalat Təsərrüfat Tresti, "Bərpa-N TT" MMC, "Bərpa-AS" MMC, "Təmir-Tikinti AzNY" QSC, "Terminal-2A" MMC və "Neftqaztikinti" tresti tərəfindən yerinə yetirilib.
Hazırda 21 nömrəli ED-AV-6 qurğusunda K-10 vakuum kolonunun daxili elementlərinin dəyişdirilməsi işləri davam etdirilir.