Azərbaycan, Bakı, 26 avqust /Trend/
Heydər Əliyev adına Bakı neft emalı zavodunun 55 nömrəli katalitik qurğusunun quru qaz məhsulunun "Azərikimya" İstehsalat Birliyinin Etilen-propilen zavoduna verilməsi ilə əlaqədar quru qazın kükürdlu birləşmələrdən, CO və CO2 qatışıqlarından təmizlənməsinə ehtiyac yaranıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bununla əlaqədar "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında quru qazın və dövretdirilən hidrogen tərkibli qazların amin məhlulu ilə təmizlənməsi sisteminin işlənməsi və doymuş amin məhlulunun regenerasiya blokunun tikintisinə başlanıb. Qurğunun istismara verilməsi ilə dizel yanacağının hidrotəmizlənməsi prosesində dövr etdirilən hidrogen tərkibli qazlar və 55 nömrəli katalitik qurğusunda alınan quru qaz metildietanolamin məhlulu ilə təmizlənəcək. Doymuş amin məhlulunun regenerasiya prosesi isə 54 nömrəli qurğunun bazasında inşa edilən yeni qurğuda həyata keçiriləcək.
Qurğuda texnoloji proses HC-900 avtomatlaşdırılmış idarəetmə sistemi ilə idarə olunacaq. Hazırda qurğuda son tikinti-quraşdırma və sazlama işləri aparılır.
Yeni qurğunun "Əsrin Müqaviləsi"nin 20 illiyi ərəfəsində istismara verilməsi nəzərdə tutulub.