...

Avropa Azərbaycan qazı ilə sınaqdan necə çıxacaq?

Energetika Materials 11 Aprel 2015 14:53 (UTC +04:00)

Azərbaycan Xəbərlər Xidməti

Azad Həsənli - Trend:

Bu gün Avropa İttifaqı (Aİ) özünün çətin sınaqlar dövrünü yaşayır və bu sınaqlardan biri də Azərbaycan qazıdır.

Azərbaycan və onun tərəfdaşları Avropa üçün həyati əhəmiyyət daşıyan qaz nəqli layihəsi gerçəkləşdirir. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindəki bütün işlər qrafik üzrə gedir və vaxtında tamamlanacaq. Lakin Avropa İttifaqı bu qazı qəbul etməyə nə qədər hazır olacaq, bu ancaq Brüsseldən asılıdır.

Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev demişdi: "Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək. Biz heç vaxt populist vədlər verməmişik, konkret nəyi demişiksə onu da etmişik".

Bu sözlərdə sadə bir fikir cəmləşib. Əgər Avropaya qaz lazımdırsa, Brüssel bu layihəyə vahid yanaşma göstərməlidir. Nəyə görə? Ona görə ki, Yunanıstan kimi ölkələr hakimiyyətin dəyişməsindən sonra, əvvəl imzalanmış razılaşmaların şərtlərini dəyişməsinlər. Dövlət başçısının dediyi "boş danışıq" ifadəsini buna şamil etmək olar.

Avropanın zəif yaddaşa malik olmasını tarix dəfələrlə sübut edib. Lakin bu yaddaşın bu qədər zəif olması çox heyrətamizdir. Avropa Azərbaycan qazını niyə "öhdəlik" kimi görür? Görəsən, Avropa Rusiyanın qışda qazı dayandırdığı zaman necə donduğunu unudub? Və yaxıd, Aİ rəsmiləri qaz nəqlinə görə Azərbaycana neçə dəfə səfər etmişdilər?

İstənilən halda, Yunanıstanın və digər Aİ üzvlərinin bugünkü addımları Avropa İttifaqı və onun rəhbərliyi üçün möhkəmlik sınağıdır. Yaranmış vəziyyətdə Brüsselin necə davranması isə göstərəcək ki, doğrudan da vahid Avropanın gələcəyi var, yoxsa gec-tez avrozonadan çıxış qərarını başqa dövlətlər də verəcəklər?

Və Aİ rəhbərliyinin Azərbaycan qazının nəqli ilə bağlı hansı addımlar atmasından da, çox şey asılı olacaq...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti