Azərbaycan, Bakı, 2 iyun /Trend/
"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istehsalat obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, eləcə də mövcud infrastrukturlarda yenidənqurma işlərinin aparılması məqsədilə təsdiq edilmiş Tədbirlər Proqramı çərçivəsində işlər uğurla davam etdirilir.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mədənlərarası və meydançalararası əlaqələri yaxşılaşdırmaq, əməyin mühafizəsini və təhlükəsiz iş şəraitini təmin etmək üçün yeni estakadalar tikilir, mövcud estakada və meydançalarda təmir-bərpa işləri görülür.
410-450 saylı meydançalar arasında əvəzedici estakadanın tikintisi uğurla davam etdirilir. 4 kompleksdən ibarət layihə çərçivəsində ümumi uzunluğu 2597 metr olacaq estakadanın 609 metrlik hissəsi artıq tikilib. 410-423 saylı meydançalar arasında 760 metr uzunluğunda əvəzedici estakadanın 510 metrlik hissəsində də inşaat işləri başa çatdırılıb. 1323 metr uzunluğunda olan 682-485 saylı meydançalararası əvəzedici estakadanın tikintisi isə başa çatmaq üzrədir.
İndiyədək ümumi uzunluğu 1256 metr olan estakada tikilib. Bundan başqa, 272, 307, 283, 287, 432, 485, 604 saylı estakadayanı meydançalarda qazpaylama sistemində yenidənqurma işləri aparılır. Hazırda ümumi uzunluğu 22,2 km olan müxtəlif diametrli sualtı neft-qaz xətlərinin çəkilişi də uğurla davam etdirilir.