Bakı. Trend:
SOCAR Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsində iştirak edəcək. Trend-in məlumatına görə, bunu "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov "Rustavi-2" telekanalına müsahibəsində deyib.
O, Gürcüstan rəhbərliyi ilə keçirilən görüşdən sonra bildirib: "Biz Gürcüstanda yeraltı qaz anbarının tikintisini müzakirə etdik. Bu planı alqışlayır və tamamilə dəstəkləyirik. Mövcud razılaşmaya uyğun olaraq bu layihədə iştirak edəcəyik".
Gürcüstanın energetika naziri Kaxa Kaladze isə Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bir daha təsdiqləyib: "SOCAR bu layihədə iştirak etməkdə maraqlıdır. Düşünürəm ki, bu layihənin həyata keçirilməsi ölkəmiz üçün çox vacibdir".