...

AMEA: Azərbaycan dünya lideri ola bilər

Energetika Materials 21 Sentyabr 2016 15:52 (UTC +04:00)
2030-cu ildə Azərbaycan tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər.
AMEA: Azərbaycan dünya lideri ola bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

2030-cu ildə Azərbaycan tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Vitse-prezident qeyd edib ki, artıq bir neçə ildir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutu almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqini aparırlar. Alınan nəticələr məhz bərpa olunan karbohidrogen sisteminin yaradılması üçün əsas olacaq.

İ.Quliyev bildirib ki, hazırda neft və qaz axtarışları 7-14 km dərinlik mərhələsinin başlanğıcındadır: “Bu da öz növbəsində, müasir geofiziki üsulların dərində olan yataqların öyrənilməsinə adaptasiyasını tələb edir”.

Akademik intellektual neft-qaz yataqlarının araşdırılması istiqamətində fundamental tədqiqatların aparılmasının da qarşıda duran vacib məsələlərdən olduğunu deyib. Qeyd edib ki, bu sahədə problemlərin həlli superkompüter texnologiyaları əsasında yeni metodların tətbiqi ilə mümkündür.

Məruzəçi həmçinin neft-qaz elminin inkişafında qazhidratların, karbohidrogenlərin alternativ mənbələrinin – ağır neftin, şist neft və qazın, böyük təzyiq altında sularda həll olmuş qazların öyrənilməsini perspektiv istiqamətlərdən biri kimi qeyd edib.

İ.Quliyevin sözlərinə görə, gələcəkdə Neft və Qaz İnstitutunun əsas istiqamətlərindən biri neft sənayesinin və onun inkişafının proqnozlaşdırılması olacaq. Artıq AMEA-da sahələrin proqnozlaşdırılması aparılır, o cümlədən neft və qaz qiymətlərinin bazar tələbatı əsasında dəyişiklik dinamikasının riyazi modelləri hazırlanaraq sınaqdan keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti