“Total” şirkətlər qrupunun Avropa və Mərkəzi Asiya Regionunda Kəşfiyyat və Hasilat üzrə baş vitse-prezidenti Maykl Borrelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə energetika naziri Natiq Əliyev arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, M.Borrel Azərbaycanın “Total” üçün mühüm biznes marağı kəsb edən ölkə olduğunu nəzərə alaraq, şirkətlər qrupunun Kontinental Avropa və Xəzər regionu üzrə yeni təyin edilmiş vitse–prezidenti Bernard Clementi şəxsən təqdim etmək üçün ölkəmizə səfər etdiyini bildirib.
Energetika naziri N.Əliyev yeni təyinatdan məmnunluğunu ifadə edərək, “Total” rəhbərləri ilə mütəmadi keçirilən görüşlərin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və birgə layihələrin uğurla həyata keçirilməsinə xidmət etdiyini deyib. O, qlobal enerji şirkəti “Total”ın Azərbaycanda 20 illik fəaliyyəti nəticəsində əldə edilmiş nailiyyətlərdən danışıb. Əməkdaşlığın davam etdirilməsi üçün böyük imkanların mövcudluğu və bunun hər iki tərəf üçün faydalı olacağı qeyd edilib.
Baş vitse-prezident M.Borrel ötən ilin noyabr ayında SOCAR və “Total” arasında imzalanmış “Abşeron” layihəsinin işlənmə proqramını tənzimləyən prinsiplər haqqında çərçivə sazişini xatırladaraq, görülən və planlaşdırılan işlərdən danışıb. “Total”ın yaxın illərdə Abşeron yatağında hasilata başlamaq üçün tərəfdaşları ilə birgə səylərini artırdığını vurğulayaraq, yataqdan ilk qazın nəzərdə tutulduğu vaxtda alınması üçün Azərbaycan hökumətinin dəstəyinin zəruriliyini diqqətə çatdırıb. O, həmçinin “Abşeron” layihəsinin maliyyələşdirilməsinə Avropa İnvestisiya Bankının maraq göstərdiyini bildirib.
N.Əliyev “ Abşeron” qaz-kondensat yatağının “Cənub Qaz Dəhlizi”nin imkanlarını daha da artırmaqla mövqeyini gücləndirəcəyini deyərək, “Total”ın Məşvərət Şurasının iclasında iştirakının vacibliyini qeyd edib. Energetika naziri həmçinin “Total” şirkətinin Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Babək” perspektiv sahələrinin işlənməsi layihəsində də iştirakının səmərəli olacağını deyib.
Görüşün yekununda N.Əliyev Avropa və Xəzər regionu üzrə təyin edilmiş vitse–prezident Bernard Clementiyə də gələcək fəaliyyətində Energetika Nazirliyinin lazımi dəstək verəcəyini bildirib.