...

Pərviz Şahbazov: Azərbaycanın prioriteti neft-kimya məhsullarının istehsalı və ixrac potensialının genişləndirilməsidir

Energetika Materials 14 Mart 2018 14:27 (UTC +04:00)
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün ənənəvi AHK-İmpuls tədbirini keçirib.
Pərviz Şahbazov: Azərbaycanın prioriteti neft-kimya məhsullarının istehsalı və ixrac potensialının genişləndirilməsidir

Bakı. Trend:

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün ənənəvi AHK-İmpuls tədbirini keçirib. 2018-ci ilin ilk AHK-İmpuls tədbiri enerji mövzusuna həsr olunub.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından Trend-ə verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov tədbirdə fəxri qonaq qismində iştirak edərək “Azərbaycanda enerjinin gələcəyi” adlı məruzə ilə çıxış edib.

Pərviz Şahbazov çıxışında diqqəti Azərbaycanın 1994-cü ildən etibarən həyata keçirdiyi enerji strategiyasına və onun nailiyyətlərinə yönəldib. O vurğulayıb ki, Azərbaycanın prioriteti hazırda neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir.

Azərbaycanın elektroenergetika sektoru ilə bağlı siyasəti haqqında rəy bildirən nazir qeyd edib ki, elektroenergetika sahəsində yerinə yetirilməli olan vəzifələr sektorun müasirləşdirilməsi, səmərəliliyin və ekoloji tələblərin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, bu sahənin yerli və xarici investisiyalar üçün cəlbediciliyinin təmin olunmasıdır.

Nazir çıxışını enerji sahəsində həyata keçirilən cari islahatlar barədə rəy ilə yekunlaşdırıb. O, kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində energetika sektoru ilə bağlı müəyyən olunan islahat tədbirlərinin icrasının davam etdirildiyini və enerji bazarının liberallaşdırılması, elektrik enerjisinin istehsalı və istehlakı üçün rəqabətli mühitin yaradılması istiqamətində işlərin həyata keçirildiyini vurğulayıb.

Sonra "Uniper Global Commodities SE" şirkətinin Xəzər regionu üzrə baş vitse-prezidenti Mixael Hilmer təqdimatla çıxış edib. M.Hilmer “Uniper” şirkətinin keçmiş və gələcək layihələri ilə bağlı və SOCAR ilə enerji səmərəliliyi üzrə yaradılan birgə müəssisə ilə 2016-cı ildən etibarən həyata keçirilən işlər haqqında iştirakçılara məlumat verib. O, şirkətin müxtəlif qurumlarla qurduğu əməkdaşlıq barədə danışıb və bu əməkdaşlığın mövcud əlaqələri daha da gücləndirəcəyini və yeni biznes imkanları yaradacağını vurğulayıb.

Tədbir şəbəkədaxili şam yeməyi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti