...

Tacikistanın Roqun su elektrik stansiyası regionda ən güclü SES olacaq (FOTO)

Energetika Materials 21 Noyabr 2018 18:46 (UTC +04:00)
Tacikistanın Roqun su elektrik stansiyası (SES) 3600 meqavatt gücü ilə regionda ən güclü SES olacaq
Tacikistanın Roqun su elektrik stansiyası regionda ən güclü SES olacaq (FOTO)

Bakı. Rəşid Şirinov - Trend:

Tacikistanın Roqun su elektrik stansiyası (SES) 3600 meqavatt gücü ilə regionda ən güclü SES olacaq.

Trend-in məlumatına görə, bunu Roqun SES-in birinci aqreqatının işə salınması mərasimində Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli deyib.

Səfir bildirib ki, birinci aqreqat işə salındıqdan sonra SES Tacikistanın ümumi enerji sisteminə qoşulub. Plana əsasən, ikinci aqreqat 2019-cu ildə işə salınacaq. Altı aqreqatın hamısının işə salınması 2024-cü ilədək planlaşdırılır:

“Bərpa olunan enerji mənbələrindən istifadə etməklə SES ekoloji təmiz elektrik enerjisinin istehsalını təmin edəcək və regionun bütün ölkələrinə xidmət edəcək”.

Səfir onu da qeyd edib ki, Roqun SES-in tikinti sahəsində 22 min nəfər işləyir, onlardan 20 min nəfəri tacikdir:

“Tikinti işləri başlayandan Tacikistan hökuməti dövlət büdcəsindən 1,9 milyard dollar maliyyə ayırıb. Bundan başqa Roqun SES-in 500 milyon dollar həcmində səhmləri satılıb. Bunlardan 38 faizini amerikalı investorlar, 24 faizini Böyük Britaniya, 35 faizini Avropa İttifaqı və 3 faizini Asiyadan olan investorlar alıb”.

Diplomat əlavə edib ki, Roqun SES-dən əldə edilən elektrik enerjisinin Əfqanıstan və Pakistan, eləcə də Özbəkistan, Qazaxıstan, gələcəkdə isə Hindistan bazarına çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, Roqun SES paytaxt Düşənbədən 110 kilometr məsafədə yerləşir. Vaxş çayı üzərində tikilən SES hər biri 600 meqavatt gücündə olan 6 aqreqatdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti