...

Ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı metodik vəsait hazırlanıb (FOTO)

Energetika Materials 25 İyul 2019 20:47 (UTC +04:00)
“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” bəndinin icrası ilə bağlı müzakirələr aparılıb.
Ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı metodik vəsait hazırlanıb (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərişıq” ASC, eləcə də ağır sənaye və maşınqayırma müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” bəndinin icrası ilə bağlı müzakirələr aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə müvafiq bənd üzrə ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı Energetika Nazirliyi və “Azərişıq” ASC tərəfindən hazırlanmış metodik vəsaitin təqdimatı keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev davamlı enerjinin əsas komponentlərindən biri olan enerji səmərəliliyinin sənaye müəssisələrində tətbiqi ətraf mühitə təsirlərin azaldılması ilə yanaşı bu müəssisələrin fəaliyyətində məhsuldarlığa və inkişafa töhfə verəcəyini bildirib. Enerji səmərəliliyi ilə bağlı məsələlərin həllini tapması, zəruri texniki və maliyyə dəstəyinin təmin edilməsi üçün hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayan nazir müavini deyib ki, hazırda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi baxılmaqdadır. Samir Vəliyev həmçinin İRENA (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi), İEA (Beynəlxalq Enerji Agentliyi) kimi beynəlxalq qurumların təhlilləri və qabaqcıl təcrübəyə əsaslanaraq hazırlanmış bu metodiki vəsaitin enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsinə müsbət təsir edəcəyini və tövsiyə xarakterli belə materialların 2020-ci ildə də hazırlanacağını diqqətə çatdırılıb.

Sonra “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə kitabçada əksini tapmış enerji səmərəliliyi, onun faydaları, enerji səmərəliliyi indeksi, sənaye sektorunda enerji səmərəliliyində öncəlik, enerjiyə olan tələbatın idarəedilməsi, enerji səmərəliyini idarəetmə sistemləri, enerjiyə qənaət tədbirləri, sənaye müəssisələrində səmərəliliyin imkanları ilə bağlı təkliflər və tövsiyələrə dair geniş təqdimatla çıxış edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Faiq Qasımlı Strateji Yol Xəritəsi çərçivəsində görülən bu işləri yüksək qiymətləndirib və sənaye müəssisələrində enerji səmərəliliyinin təşviq edilməsi istiqamətində atılan addımlardan bəhs edib. Faiq Qasımlı belə tədbirlərdən biri kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi” Qaydasını və burada səmərlilik göstəricilərinə görə bonusların nəzərdə tutulduğunu qeyd edib.

Tədbirdə təqdimatda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti