Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
Hazırda hərəkətin iflic olduğu Süveyş kanalına iki əsas alternativ dəniz yolu mövcuddur.
Trend-in məlumatına görə, bu barədə "Fitch Solutions" şirkətinin hesabatında deyilir.
Qeyd olunur ki, həmin marşrutlardan biri Afrikanın cənubunda yerləşən Ümid burnundan keçən dəniz yoludur:
"Amma bu marşrut yüklərin daşınma müddətini əhəmiyyətli dərəcədə artırır. Əgər Liviyadan Sinqapura məsafə 5 700 dəniz milinə bərabərdirsə və yükdaşımaları 20 gün çəkirsə, Ümid burnundan keçməklə məsafə 12 min milədək, daşıma müddəti isə 42 günədək uzanacaq. Hazırkı tariflərlə yükdaşımalarının qiyməti 327 min dollardan 687 min dollaradək artacaq".
Hesabata əsasən, Süveyş kanalına ikinci alternativ Misirdən keçən və Qırmızı dənizlə Aralıq dənizini birləşdirən SUMED boru kəməridir:
"İri xam neft daşıyıcıları artıq marşrutun yükünün azaldılması üçün bu boru kəmərindən istifadə edir. Həm də nəzərə almaq lazımdır ki, tam doldurulmuş bu cür daşıyıcılar kanaldan keçə bilmir. Boru kəmərinin buraxılış gücü sutkada 2,5 milyon barelə bərabərdir və hazırda bu kəmər çox yüklənməyib. SUMED operatorları xidmətlərini təklif etmək məqsədilə müraciət edir. Amma mütəxəssislərin fikrincə, bu marşrut da baha olacaq".
Qeyd edək ki, Çindən Niderlanda doğru hərəkət edən “Ever Given” yük gəmisi martın 24-də Süveyş kanalının 151-ci km-liyində batıb. Gəminin uzunluğu 400 metrdir, yükgötürmə gücü isə 224 min tondur.
Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalının uzunluğu 160 km, eni 250 metrdir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.