...

“Petkim” rekord xalis mənfəət əldə edib

Energetika Materials 28 Fevral 2022 10:21 (UTC +04:00)
“Petkim” rekord xalis mənfəət əldə edib

Bakı. Trend:

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” 2021-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

Trend-in məlumatına görə, hesabata əsasən “Petkim” 2021-ci ili həm dollar, həm də TL ifadəsində mənfəət rekordu ilə başa vurub və 5,5 milyard TL xalis mənfəət əldə edib. “Petkim” 2021-ci ildə ümumi satış həcmini 2020-ci ilin göstəriciləri ilə müqayisədə 137% artıraraq 28,7 milyard TL-yə yüksəldib.

“Petkim”in məhsul portfelinin bu uğurda böyük rol oynadığını bildirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarına, xüsusilə qablaşdırma materiallarına tələbatın artdığını bildirib: “”STAR” NEZ-in fasiləsiz istehsalı sayəsində “Petkim”in istehsal potensialından istifadə əmsalı 2020-ci ildə 87,9% olduğu halda 2021-ci ildə 92,6%-ə yüksəldi. Pandemiya zamanı qoyulan məhdudiyyətlərə baxmayaraq, xüsusilə ixrac edən yerli istehsalçıların istehsal əməliyyatlarının ləngiməməsi üçün tədarükü davam etdirdik”.

“Petkim” əvvəlki dövr ilə müqayisədə məhsul satışları ilə yanaşı kommersiya satışlarını da artırıb. Ümumi satış həcmində 33%-dən artıq payı olan kommersiya satışları 65 milyon dollar mənfəət gətirib. Anar Məmmədov 2020-ci ildə pandemiya ilə bağlı mövcud qeyri-müəyyənliklərə hazır olmaq məqsədilə likvidliyi gücləndirdiklərini, 2021-ci ildə likvidliyi optimallaşdıraraq maliyyə xərclərini azaltdıqlarını, bununla da qısamüddətli borcları əvvəlki ilə nisbətən 460 milyon dollar azaltdıqlarını bildirib: “Ötən il maliyyə risklərinin effektiv idarə olunması ilə xalis faiz xərclərimizi də azaltmağa nail olduq. Bu uğura töhfə verən digər bir amil isə dəyər yaratma və optimallaşdırma təşəbbüsləri proqramını gücləndirərərək davam etdirməyimizdir.”

A.Məmmədov digər yüksək nailiyyətlərdən də danışıb: ”İllik mənfəətimizə görə hesablanan 1,1 milyard TL korporativ vergi ilə Türkiyə iqtisadiyyatı üçün də mühüm bir maliyyə dəyəri yaratdıq. Ötən ilin sevindirici hadisələrindən biri də strateji investisiya təşviq sənədinin müddətinin və həcminin artırılmasıdır. Eləcə də ESG reytinqində müvafiq kateqoriya üzrə dünyanın ilk 10 şirkəti siyahısına düşməyə müvəffəq olduq”, - deyə A.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti