...

Cənub Qaz Dəhlizi Avropaya təhlükəsiz tədarük üçün heç vaxt olmadığı qədər vacibdir - Rumıniya energetika naziri (Müsahibə) (VİDEO)

Energetika Materials 28 İyun 2022 08:00 (UTC +04:00)
Cənub Qaz Dəhlizi Avropaya təhlükəsiz tədarük üçün heç vaxt olmadığı qədər vacibdir - Rumıniya energetika naziri (Müsahibə) (VİDEO)

Trend-i buradan izləyin

Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Avropaya təhlükəsiz tədarük üçün heç vaxt olmadığı qədər vacibdir.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycana səfər etmiş Rumıniya energetika naziri Vircil-Daniel Popesku deyib.

“Azərbaycan Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Hazırda Avropada bütün diqqətlər Azərbaycana yönəlib, hökumətlə bu məsələ ilə bağlı danışıqlar aparılır”, - nazir bildirib.

V.Popesku qeyd edib ki, Rumıniya Rusiya qazıntı yanacağından daha az asılı olan ölkələrdəndir.

“Bizdə ümumi illik təbii qaz istehlakı 11 milyard kubmetr təşkil edir. Biz ildə 8 milyard kubmetr qaz hasil edirdik, indi isə Qara dənizdə hasilata başlamışıq, bu da əlavə 1 milyard kubmetr deməkdir. Biz daha 2 milyard kubmetr qaz nəql etməliyik, ona görə də həll yolu tapmalıyıq. Azərbaycan qazı bizim üçün mümkün həllərdən biridir və biz bu ölkənin hökuməti ilə razılıq əldə etməyə ümidvarıq. Əgər mümkün olarsa, bizim üçün zəruri olan qaz həcmini Azərbaycandan idxal etmək istəyirik. Hazırda danışıqlar aparılır, onlar başa çatanda nəticələr barədə məlumat verəcəyik. Amma biz doğru yoldayıq”, - deyə o bildirib.

Nazir, həmçinin Azərbaycan qazının çıxış imkanlarının müxtəlif üsulları barədə danışıb.

“Biz Trans-Balkan magistral qaz xəttindən reversiv qazın əldə olunması üçün layihə hazırlamışıq. Ötən il biz reversiv axın üçün modifikasiyanı başa çatdırdıq və artıq Türkiyə, Bolqarıstan, Ukraynadan Rumıniyaya qaz idxal və ixrac etmək mümkün olan dəhlizimiz var. Türkiyə vasitəsilə biz Azərbaycandan və mayeləşdirilmiş təbii qaz terminallarından qaz ala bilərik. Tikintisini altı il əvvəl başa çatdırmaq planlaşdırılan Şaquli Dəhlizi bu il başa çatdırmaq nəzərdə tutulur. Tikintisi iyulda başa çatdırılmalı olan Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoru Rumıniyaya TANAP və TAP xətlərinə çıxış imkanı verəcək. BRUA (Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya) boru xətti Cənub Qaz Dəhlizi, Şaqulu Dəhlizdən təbii qazın Rumıniya, Moldova və Avropanın digər ölkələrinə daxil ola biləcəyi daha bir dəhlizdir”, - nazir deyib.

V.Popesku vurğulayıb ki, Rumıniya istehlak olunan neftin 70 faizini idxal edir və bu həcmin yarıdan çoxu Qazaxıstanın payına düşür.

“Digər hissəsi Rusiyadan idxal olunur və biz bu həcmləri digər mənbələrdən idxal etmək üçün həllər tapmalıyıq”, - deyə nazir bildirib.

Rumıniyada SOCAR üçün daha çox imkanlar

“Azərbaycana birinci səfərim zamanı vurğlamışdım ki, Rumıniya hökuməti SOCAR-ın ölkədəki investisiyalarda daha fəal iştirakını arzu edir. SOCAR Rumıniyada 67 yanacaqdoldurma məntəqəsinə malikdir. Amma, fikrimcə, biz birlikdə daha çox işlər görə bilərik. Biz qazdan elektrik enerjisi almaq üzrə layihələrə investisiyaları nəzərdən keçiririk. SOCAR Rumıniya bazarına elektrik enerjisi tədarükçüsü ola, gübrə ticarəti ilə məşğul ola, Rumıniya şirkətləri ilə “yaşıl” enerji, gübrə istehsalı üzrə birgə müəssisələr yarada bilər. Ona görə də biz SOCAR-ı daha çox aktivliyə dəvət edirik və Azərbaycan şirkətlərinin Rumıniyada istənilən investisiyaları dəstəkləyirik”, - V.Popesku deyib.

Xəzər və Qara dəniz arasında “yaşıl dəhliz”

Nazir xatırladıb ki, bu ilin əvvəlində Azərbaycana səfəri zamanı Xəzər və Qara dənizlər arasında “yaşıl” körpünün yaradılması ilə bağlı müzakirələr aparılmışdı.

“Biz bunu “yaşıl dəhliz” adlandırırıq, çünki Gürcüstan ərazisindən Rumıniyaya gedən sualtı kabel vasitəsilə Xəzər və Qara dənizlərin külək elektrik stansiyalarını birləşdirmək istəyirik. Bu, Rumıniyadan Avropanın digər ölkələrinə “yaşıl” enerji ixracını asanlaşdıracaq, belə ki, Avropada hazırda bu cür enerjiyə böyük tələbat var. Bu, Azərbaycan, Rumıniya və Gürcüstan arasında maraqlı layihədir və bir çox digər ölkələr bu layihəyə qoşulmaq istəyəcək”, - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti