...

TAP-ın yeni uzunmüddətli ötürücülük imkanları 2025-ci ilin sonunda əlçatan olacaq - İcraçı direktor (Müsahibə)

Energetika Materials 10 Fevral 2023 11:58 (UTC +04:00)
TAP-ın yeni uzunmüddətli ötürücülük imkanları 2025-ci ilin sonunda əlçatan olacaq - İcraçı direktor (Müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli ötürücülük imkanları 2025-ci ilin sonunda əlçatan olacaq.

Bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti Trend-ə eksklüziv müsahibəsində deyib.

"Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üzrə bazar testinin yekunlarına əsasən, 2026-cı ilin dekabrından 2028-ci ilin dekabrına qədər ildə əlavə olaraq 1,2 milyard kubmetr nəql olunması, ikinci partiyanın isə 2026-cı ilin oktyabrından 2033-cü ilin sentyabrına qədər tədarükü istənilib. 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli ötürücülük imkanları üzrə hazırda sazişlər imzalamaqdayıq. Bu həcmin 1 milyardı İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya tədarük olunacaq", - o açıqlayıb.

Ötürücülük qabiliyyətinin tam genişləndirilməsi haqqında

İcraçı direktorun sözlərinə görə, 22 yanvar 2023-cü ildə TAP konsorsiumu boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinin birinci mərhələsini başladıb.

L.Skyepattinin bildirdiyinə görə, 2026-cı ildən uzunmüddətli sazişlər çərçivəsində boru kəməri ilə ildə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql ediləcək.

"Bu, 2027-ci ilədək tədarükün ildə 20 milyardadək ikiqat artırılması məqsədilə TAP-ın ötürücülük imkanlarının genişləndirilməsinin başlanğıcıdır. Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması tələb və təklifdən asılı olduğundan, bazar testlərinin yekunlarına əsasən alıcılar tədarüklərin daha da artırılmasında maraqlı olduqlarını təsdiqlədikdən sonra tam genişlənməyə nail olunacaq", - o deyib.

L.Skyepatti TAP imkanlarının mərhələli şəkildə ikiqat artırılacağını qeyd edib.

"Bazar testi 2021-ci ildə başladılıb. Birinci mərhələ yanvarın 22-də tamamlandı, ikinci mərhələni isə ilin ikinci yarısında, böyük ehtimalla sentyabr-oktyabr ərzində başlamağı planlaşdırırıq", - o əlavə edib.

2023-cü ildə qaz tədarükü

Luka Skyepatti Trans-Adriatik Boru Kəmərinin Bolqarıstanda qaza tələbatın təqribən 30 faizini, Yunanıstanda 20 faizini, İtaliyada isə 10 faizdən çoxunu qarşıladığını qeyd edib.

"2023-cü ildə ötən illərdə əldə etdiyimiz yüksək göstəriciləri qoruyub saxlamağı planlaşdırırıq. Təkcə 2022-ci ildə təqribən 11,5 milyard kubmetr qaz nəql etmişik, bunun təqribən 10 milyard kubmetri İtaliyanın payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 3 milyard kubmetr artıqdır. Bundan bir neçə gün əvvəl biz boru kəməri istismara verildikdən etibarən İtaliya, Yunanıstan və Bolqarıstana nəql edilmiş 20 milyard kubmetr qazla hədəfi keçmişik", - o deyib.

"Təmiz" enerjiyə keçid

Skyepattinin sözlərinə görə, TAP konsorsiumu bərpa olunan enerji mənbələri ilə işləyən elektrik mühərriklərinin quraşdırılması imkanını araşdırır.

"Biz TAP olaraq əvvəlki kimi "təmiz" enerjiyə keçidə, xüsusən Cənub-Şərqi Avropada tam sadiqik. TAP-ın genişləndirilməsi gələcəkdə istixana qazlarının, uçucu tullantıların azaldılmasına və ekoloji cəhətdən təmiz qazların (hidrogen və biometan) nəqlinə yönəlmiş bir sıra həllərin reallaşdırılmasını əks etdirir. Bu səbəbdən kompressor stansiyalarının çox yüksək gərginlikli şəbəkələrə qoşulmasının mümkünlüyü, həmçinin elektrik mühərriklərinin qaz turbinləri əvəzinə bərpa olunan enerji mənbələri ilə işləyən elektrik mühərriklərinin quraşdırılması nəzərdən keçirilir. TAP borularının hidrogen nəqli üçün 100 faizlik uyğunluğu da xüsusi laboratoriyalarda yoxlanılır", - o deyib.

L.Skyepatti TAP-ın dünyada mövcud və yeni boru kəmərləri ilə hidrogen nəqli üzrə ilk proqramın hazırlanmasına dair birgə H2Pipe layihəsinin iştirakçısı olduğunu və bu layihənin təkcə TAP üçün deyil, digər transmilli birləşdirici xətlər üçün də faydalı olacağını qeyd edib.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəmərinin ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir və 20 milyard kubmetrədək ikiqat artırılması mümkündür.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti