Bakı. Trend:
“KazMunayQaz” ASC (KMQ) Qazaxıstan neftinin Türkiyənin Ceyhan limanından Rumıniya istiqamətində daşınmasına başlayıb.
Trend "Kazinform"a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, KMG-nin rəhbəri Maqzum Mirzəqaliyev Ceyhan limanında olub, Rumıniyada yerləşən və KMG-yə məxsus “Petomidia” neft emalı zavodu üçün Qazaxıstan neftinin daşınması prosesini izləyib.
"Bu gün biz yerli neft-qaz sənayesi üçün əlamətdar tədbirdə iştirak edirik. Axı, təsadüfi deyil ki, dövlət başçısı Qazaxıstan neftinin tədarükü üçün yeni marşrutların yaradılmasına bu qədər diqqət yetirir. Bu mənada sevindirici haldır ki, Azərbaycanın SOCAR şirkəti ilə müqavilələrimiz praktiki icra müstəvisinə keçib. Bu, əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərdən xəbər verir", - deyə şirkətin rəhbəri bildirib.
KMQ rəhbəri həmçinin tədbirdə iştirak edən “Tengizchevroil” şirkətinin rəhbərliyinə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqlin şərtləri ilə bağlı uğurlu danışıqlar üçün təşəkkür edib.
Qeyd edək ki, Ceyhan terminalından həcmi 80 min ton olan ilk neft partiyası "NMSK Kazmortransflot" MMC-yə (KMQ-nin törəmə müəssisəsi) məxsus “ALATAU” yerli tankeri ilə daşınır.
Ötən ilin sonunda “KazMunayQaz” ASC ilə Azərbaycanın SOCAR şirkəti arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton neftin tranziti haqqında beşillik müqavilə imzalanıb. Bu ilin martında Qazaxıstan neftinin Aktau-Bakı istiqamətində daşınmasına başlanılıb. Aprelin 20-nədək Aktau limanından 86 min ton neft daşınıb.