Bakı. Trend:
Enerji keçidi proqramı enerji təhlükəsizliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutmuş "Enerji və materialların geoiqtisadiyyatı" panel müzakirələrində çıxışı zamanı bildirib.
“Bu gün çoxlu qeyri-müəyyənliklər mövcuddur, ancaq biz özümüzü və öz perspektivlərimizi itirməməliyik, onları nəzərdən keçirməliyik. Bir neçə vacib aydın məqamı qeyd etmək istəyirəm. İlk növbədə enerji təhlükəsizliyi gəlir. Enerji təhlükəsizliyinin müasir çağırışları neft və qaza aiddir, gələcək çağırışlar isə son dərəcə vacib olan minerallara, tədarük zəncirlərinə və digər aspektlərə aiddir. Bu daimi problemdir və bizimla qalacaq”, - Birol bildirib.
O vurğulayıb ki, iqlim dəyişiklikləri realdır və onlar artıq baş verməkdədir və cari siyasət dəyişməsə, daha da kəskinləşəcək.
“Bu gün Afrikada yarım milyondan çox qadın və uşaq “təmiz” qida hazırlama imkanlarına əlçatarlığın olmamasına görə erkən vəfat edir. Bazarlara nəzər salsaq, ötən il batareyaların, və digər “təmiz” enerji texnologiyalarının dəyəri 20 faiz ucuzlaşıb. Nüvə enerjisi, BEA-nin üç il əvvəl verdiyi proqnoza uyğun olaraq, kəskin yüksəliş yaşamaqdadır. İnvestisiyalara gəlincə, elektrik sektoruna qoyulan sərmayələr hazırda neft, qaz və kömürə qoyulan investisiyaları üstələyir," – deyə o əlavə edib.
Birol enerji təhlükəsizliyinin çağırışlarından söz açaraq şaxələndirmənin vacibliyini vurğulayıb.
"Enerji texnologiyalarının, idxalçı və ixracçı ölkələrin, həmçinin tədarük marşrutlarının şaxələndirilməsi çox vacibdir. Həddindən artıq asılılıq qısa bir zamanda ciddi həssaslığa çevrilə bilər. Biz bunu iki il əvvəl Avropada gördük. Şaxələndirmə son dərəcə mühümdür. Mənim üçün təmiz enerjiyə uğurlu keçid – bu, enerjisistemlərini daha etibarlı və davamlı edən, enerji qiymətlərini əlçatan səviyyədə təmin edən və eyni zamanda özünü etibarlı tərəfdaş kimi sübut edə bilməmiş ölkələrdən asılılığı azaldan keçiddir.
Beləliklə, enerji keçidi təkcə emissiyaların azaldılması deyil, həm də insanların rifahını təmin etmək, enerji sistemlərinin təhlükəsizliyini artırmaqdır. Mənə görə düzgün enerji keçidin tərifi budur. Bu baxımdan, mənim fikrimcə, həqiqi enerji keçidi proqramı enerji təhlükəsizliyinə rəqib deyil. Onlar birgə həyata keçirilə bilər," – deyə BEA rəhbəri sözlərini yekunlaşdırıb.
X: @Lyaman_Zeyn