...

TAP konsorsiumu Albaniyadakı ölçmə stansiyasının hansı hallarda modernləşdirilə biləcəyini açıqlayıb (ÖZƏL)

Energetika Materials 17 Noyabr 2025 10:34 (UTC +04:00)
TAP konsorsiumu Albaniyadakı ölçmə stansiyasının hansı hallarda modernləşdirilə biləcəyini açıqlayıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Biliştedə (Albaniya) “ACS02” ölçmə stansiyasının kompressor stansiyasına çevrilməsi yalnız bazar sınaqlarının nəticələri Transadriatik boru kəmərinin (TAP) ötürücülük qabiliyyətinin iki dəfə artırılmasına qədər yeni genişlənmə mərhələsinə əsas yaratdığı halda həyata keçirilə biləcək potensial layihədir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TAP AG konsorsiumunda bildirilib.

“Kəmərin hazırda təqribən illik 10 milyard kubmetr olan uzunmüddətli ötürücülük qabiliyyəti bazar testinin - hər iki ildən bir boru kəmərinin uzunmüddətli ötürücülük qabiliyyətinin genişləndirilməsinə bazar tələbatının olub-olmamasının qiymətləndirilməsi üçün tənzimlənən prosedurun nəticələrinə əsasən mərhələli şəkildə təqribən 20 milyard kubmetrə qədər artırıla bilər. Əgər TAP-ın ötürücülük qabiliyyətinin ikiqat artırılmasına qədər gedib çatan yeni genişlənmə mərhələsinin zəruriliyi bazar testinin nəticələri ilə təsdiqlənərsə, Albaniyada kompressiya gücünün artırılması tələb olunacaq. Bu kontekstdə hazırda ölçmə stansiyası kimi fəaliyyət göstərən Biliştedəki ACS02 obyektinin kompressor stansiyası səviyyəsinə qədər modernləşdirilməsi lazım gələcək”, – konsorsiumda izah edilib.

TAP AG-də qeyd olunub ki, hazırda iki bazar testi davam edir: 2023-cü ilin bazar testinin məcburi mərhələsi və 2025-ci ilin bazar testinin qeyri-məcburi mərhələsi.

“İstənilən əlavə genişlənmə yalnız bu proseslər çərçivəsində bazar uzunmüddətli ötürücülük qabiliyyətinə kifayət qədər tələbatın olduğu halda zəruri olacaq. Bazar testi zamanı daxil ola biləcək məcburi ötürmə gücü üçün ümumi müraciətlər investisiya qərarı qəbul edilməzdən əvvəl iqtisadi səmərəlilik testindən (EVT) keçməlidir. Əgər bazar testinin nəticələri üzrə TAP-ın ötürücülük qabiliyyətinin ikiqat artırılmasına qədər yeni genişlənmə mərhələsinin həyata keçirilməsi təsdiqlənərsə, TAP-ın Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsinə (ESIA) dəyişikliklərin edilməsi tələb olunacaq. ESIA-ya dəyişiklik proseduru çərçivəsində yerli sakinlər və maraqlı tərəflər 5 dekabr tarixində Albaniyanın Devolli bələdiyyəsi ərazisində keçiriləcək ictimai dinləmələrə dəvət olunurlar. Dinləmələrdə potensial layihə haqqında məlumat təqdim ediləcək və sual vermək, həmçinin rəy bildirmək imkanı olacaq. İctimai dinləmələr Albaniya qanunvericiliyinə və TAP-ın maraqlı tərəflərlə şəffaf əməkdaşlıq öhdəliyinə uyğun olaraq Devolli bələdiyyəsi ilə birgə təşkil olunur.

Biliştedə (Albaniya) “ACS02” ölçmə stansiyasının kompressor stansiyasına çevrilməsi yalnız bazar sınaqlarının nəticələri Transadriatik boru kəmərinin (TAP) ötürücülük qabiliyyətinin iki dəfə artırılmasına qədər yeni genişlənmə mərhələsinə əsas yaratdığı halda həyata keçirilə biləcək potensial layihədir. Konsorsium layihənin ekoloji qiymətləndirilməsinə başlayıb”, – TAP AG-də bildiriblər.

TAP AG-də qeyd olunub ki, layihə həyata keçiriləcəyi təqdirdə mövcud “ACS02” ölçmə stansiyasının kompressor stansiyasına çevrilməsi təklif olunur. Bu stansiya mövcud boru kəməri sistemində qaz təzyiqini artıracaq və boru kəmərinin illik ötürücülük qabiliyyətini hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrə yüksəldəcək.

“Mövcud ölçmə stansiyası mövcud konfiqurasiyadan kompressor stansiyasına çevriləcək və bunun üçün hər biri 35 MVt gücə malik dördə qədər elektriklə işləyən kompressor qurğusunun quraşdırılması, eləcə də uyğun hava soyuducularının əlavə olunması nəzərdə tutulur ki, ümumi quraşdırılmış güc 140 MVt-a qədər təmin olunsun.

Albaniyada qüvvədə olan ekoloji icazələr ACS02-nin qaz turbini ilə işləyən kompressor stansiyasına çevrilməsini artıq nəzərdə tuturdu. Lakin yenilənmiş güc artırımı təklifi bu qaz turbinlərinin tamamilə elektrikləşdirilmiş qurğularla əvəz olunmasını nəzərdə tutur. Bu dəyişiklik yüksək gərginlikli elektrik yarımstansiyasının quraşdırılmasını və Albaniyanın müvafiq milli enerji şəbəkəsinə qoşulmanı tələb edəcək. Elektrikləşdirilmiş stansiya ilkin layihədən fərqli olaraq karbon emissiyalarının qarşısını alacaq və enerji keçidi məqsədlərinə, həmçinin iqlim hədəflərinə uyğunluğu təmin edəcək”, – konsorsiumdan bildirilib.

Xatırladaq ki, 31 dekabr 2020-ci ildə TAP vasitəsilə ilk qaz həcmlərinin nəqli həyata keçirilib. 2025-ci ilin avqust ayına olan məlumata görə, TAP vasitəsilə Avropaya 50 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib. TAP-ın illik ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir və bu rəqəmin 20 milyard kubmetrə qədər artırılması imkanı mövcuddur.

2024-cü ilin yanvar ayında 2026-cı ilə qədər TAP üzrə əlavə qaz tədarükünün 1,2 milyard kubmetr artırılması təsdiqlənib. Hazırda TAP vasitəsilə Albaniyaya qaz tədarükünün təşkilinə dair işlər görülür və tədarükün 2026-cı ildə başlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti