Bakı. Trend:
Korroziya artıq qlobal təhlükə səviyyəsinə yüksəlib və bu problem yalnız neft-qaz sənayesi ilə məhdudlaşmır.
Trend xəbər verir ki, bunu “SOCAR Midstream Gas Operations”un (SOCAR MGO) icraçı direktoru Polad Rüstəmov bu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əvvəllər infrastrukturun yenidən qurulması daha asan idi, çünki resurslar bol idi və mövcud obyektləri təmir etmək əvəzinə yenilərini inşa etmək mümkün olurdu:
"Lakin bu gün aktivlərin bütövlüyünün idarə olunmasında əsas hədəflərdən biri dayanıqlılığın təmin edilməsidirKonfransın ikinci paralel sessiyası örtüklər və korroziya mövzusuna həsr olunub və bu sahədə müzakirələr xüsusi əhəmiyyət daşıyır. Hazırda bir çox neft və qaz şirkətləri enerji şirkətlərinə çevrilir. Lakin bu o demək deyil ki, neft və qazdan imtina edib, hidrogen kimi alternativ enerji daşıyıcılarını boru kəmərlərinə ötürdükdə bütövlük problemləri aradan qalxacaq. Əksinə, bəzi hallarda daha ciddi problemlərlə üzləşə bilərik”.
İcraçı direktor bildirib ki, neft-qaz sənayesində müxtəlif növ korroziyalar ciddi iqtisadi itkilərə və ətraf mühitə zərərə səbəb olur. Bu baxımdan, korroziyanın qarşısını almaq üçün tətbiq edilən örtük sistemlərinin təkmilləşdirilməsi xüsusi önəm daşıyır.
Onun sözlərinə görə, yeni texnologiyaların inkişafı sənaye nümayəndələrinin birgə fəaliyyəti olmadan mümkün deyil:
"Konfrans çərçivəsində keçirilən təqdimatlar müasir inspeksiya texnologiyalarının təhlükəsizlik risklərini azaltdığını, yoxlama proseslərini sürətləndirdiyini və daha operativ nəticələrin əldə edilməsinə imkan yaratdığını nümayiş etdirir".
P.Rüstəmov həmçinin süni intellekt mövzusuna da toxunaraq bildirib ki, neft-qaz sənayesində, xüsusilə aktivlərin bütövlüyünün idarə olunması sahəsində biliklər əsasən şirkətlərin və mütəxəssislərin daxilində cəmlənib:
“Şirkətlər süni intellekt alətləri hazırlayır, lakin sənaye olaraq bu bilik bazasını birlikdə formalaşdırmalıyıq. Əks halda, mövcud məlumatların həcmi və faydası məhdud qalacaq”.
"Enerji keçidi artıq reallıqdır və demək olar ki, bütün neft-qaz şirkətləri portfellərinə yeni enerji mənbələri əlavə etməyə çalışır. Lakin bu proses metallar və digər materiallarla işləyən mütəxəssislər üçün yeni texniki və mühəndislik çağırışları yaradır", - icraçı direktor vurğulayıb.
