Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın neft-qaz qiymətlərinin onilliyin sonunadək sabit aşağı səviyyədə qalacağını proqnozlaşdırır.
Trend bu barədə fonda istinadən məlumat verir.
BVF-nin qiymətləndirmələrinə əsasən, 2026-cı ildə Azərbaycan neftinin ehtimal olunan qiyməti bir barel üçün 66,7 ABŞ dolları təşkil edəcək. Bu göstərici 2025-ci ildəki 69,7 dollarla müqayisədə azalma deməkdir.
Proqnoza görə, 2027-ci ildə qiymət 64,9 dollar, 2028-ci ildə 65,4 dollar olacaq. Bundan sonra qiymətin bir qədər artaraq 2029-cu ildə 66,4 dollar, 2030-cu ildə 67,2 dollar və 2031-ci ilə qədər 68,5 dollar səviyyəsinə yüksələcəyi gözlənilir.
Müqayisə üçün qeyd edək ki, əvvəlki illərdə neftin qiyməti xeyli yüksək olub – 2023-cü ildə bir barel üçün 82,6 dollar, 2024-cü ildə isə 81,2 dollar təşkil edib.
BVF həmçinin Azərbaycan təbii qazının ehtimal olunan qiymətlərinin azalacağını və daha sonra sabitləşəcəyini gözləyir. 2026-cı ildə qiymətin min kubmetr üçün 380,4 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstərici 2025-ci ildəki 425,4 dollarla müqayisədə aşağıdır.
Müqayisə qeyd edək ki, təbii qazın qiyməti 2023-cü ildə min kubmetr üçün 460,1 dollar, 2024-cü ildə isə 389 dollar olub.
