...

AZNEFT İSTEHSALAT BİRLİYİNDƏ YENİ İDARƏ YARADILIB

Energetika Materials 1 Oktyabr 2005 12:26 (UTC +04:00)

Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Azneft istehsalat birliyində yeni Azərneftekologiyaservis idarəsi yaradılıb. Bu barədə Trend ə AR DNŞ-in ekologiya departamentinin rəhbəri Ağamahmud Siracov bildirib.

Onun sözlərinə görə, idarə karbohidrogenin hasil edildiyi Abşeron və digər rayonların ərazilərini təmizləmək məqsədilə yaradılıb. Bundan başqa, Azərneftekologiyaservis çirklənmiş ərazilərin mionitorinqini aparacaq və onların reabilitasiyası üzrə proqram işləyib-hazırlayaraq müvafiq orqanlarla razılaşdıracaq, hesabatlar hazırlayacaq, həmçinin, karbohidrogen hasilatının başa çatdığı sahələri müəyyənləşdirəcək.

A.Siracov onu da qeyd edib ki, hazırda idarənin ştatı və yerləşəcəyi yer müəyyən olunur. "İdarənin rəisi əvvəllər "Neftlə çirklənmiş ərazilərin təmizlənməsi" layihəsinin həyata keçirilməsində fəal iştirak etmiş Seyfulla Qurbanov təyin olunub. Azərneftekologiyaservis-in Binəqədi rayonunun təchizat idarəsində yerləşəcəyi nəzərdə tutulub", - deyə o əlavə edib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, Abşeron yarımadasında 33 min ha ərazi çirklənib. Bunun 15 min hektarı neftlə çirklənmiş sahələrdir. Çirklənmənin qarşısını almaq üçün bir neçə yüz milyon dollar tələb olunur.

Xəbər lenti

Xəbər lenti