...

PCH Offshore şirkətinin bir sıra işçilərinin işdən çıxarılmasına səbəb onların əmək müqavilələrinin müddətinin bitməsidir

Energetika Materials 8 Fevral 2006 12:21 (UTC +04:00)

PCH Offshore şirkətinin 5 işçisinin işdən çıxarılmasına səbəb onların əmək müqavilələrinin müddətinin bitməsidir. Bu barədə Trend ə şirkətin hüquqşünası Mehman Sultanov bildirib.

Onun sözlərinə görə, bu məsələdə heç bir qanun pozuntusuna yol verilməyib. Müqavilələr layihənin necə həyata keçirilməsindən asılı olaraq 3-5 ay müddətinə bağlanır. İşlərin yerinə yetirilməsi zamanı müqavilələrin müddəti tədricən bitir və işçilər tutduğu vəzifədən azad edilir.

İşdən çıxarılmış əməkdaşların məhkəməyə müraciət edəcəyi məsələsinə gəlincə şirkətin nümayəndəsi bildirib ki, bu və ya digər məsələ ilə bağlı məhkəməyə müraciət etmək hər bir müstəqil şəxsin hüququdur. Məhkəmə təhqiqatı zamanı hər şeyə aydınlıq gətiriləcək.

M.Sultanov qeyd edib ki, bu əməkdaşların həmkarlar ittifaqı komitəsinə üzv olması ilə əlaqədar onlara şirkət tərəfindən təzyiqin göstərilməsi barədə məlumat həqiqətə uyğun deyil. "Bizim şirkət heç vaxt buna yol verməzdi. Bu, işçilərin hüquqlarının birbaşa pozulmasıdır", - deyə hüquqşünas vurğulayıb.

M.Sultanovun sözlərinə görə, bu işçilərin fəaliyyəti zamanı hər hansı pozuntu aşkar edilmədiyindən onlar yeni layihələr çərçivəsində işə dəvət oluna bilər.

Xəbər lenti

Xəbər lenti