2006-cı ilin sonuna kimi Petrol Ofisi şirkəti Azərbaycanın aviasiya yanacağı sektoruna investisiya qoymağı planlaşdırır. Trend in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru Yan Nahum (Jan Nahum) şirkətin xarici investisiya perspektivlərini analiz edərkən bəyan edib.
Onun sözlərinə görə, Türkiyədə yanacaq-sürtkü materiallarının satışı və daşınması üzrə liderlərdən biri olan Petrol Ofisi ölkənin daxili bazarında investisiyaların qoyuluşunu başa çatdırıb və yaxın vaxtlarda digər ölkələrdə kapital qoyuluşuna başlayacaq.
"Biz dəniz və aviasiya sektoruna kapital qoymağı planlaşdırırıq. Eləcə də, artıq Azərbaycanda, Gürcüstanda və o cümlədən də Misirdə mühəndis-qiymətləndirmə işlərinin keçirilməsinə başlanılıb. Əsas diqqəti Azərbaycanın aviasiya yanacağı sektoruna ayırırıq", deyə Yan Nahum bildirib və qeyd edib ki, Petrol Ofisi şirkətinin regional şirkətə çevirmək qarşıya qoyulan əsas məsələdir. "İlin sonuna kimi biz Azərbaycan bazarına daxil olacağıq",- deyə Yan Nahum bildirib.
Qeyd edək ki, Petrol Ofisi 3 600 yanacaqdoldurma stansiyasına malikdir və Türkiyənin yanacaq-sürtgü materialları sektorunun 39% -nə sahibdir. 2006-cı ilin əvvəllərinə olan məlumatlara görə, şirkətin aktivləri ötən illərlə müqayisədə 14 % artaraq 8.8 milyard ABŞ dolları təşkil edib. 2005-ci il üzrə isə şirkətin təmiz gəliri 135 milyon dollar olub.