...

Azərbaycana qaz tədarükünün dayandırılması elektrik enerjisi istehsalına təsir etməyib

Energetika Materials 26 İyul 2006 17:29 (UTC +04:00)

Hazırda "Azərenerji" səhmdar cəmiyyəti elektrik stansiyaların işləməsi üçün bir aylıq mazut ehtiyatına malikdir. Beləliklə, Rusiya qazının Azərbaycana tədarükünün müvəqqəti dayandırılmasına baxmayaraq, elektrik enerjisi istehsalı ilə problem olmayacaq. Bu barədə Trend ə SC-nin baş mühəndisi Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı İES-1, "Şimal" elektrik stansiyası və Astara modul elektrik stansiyası qazla tam təmin olunur. Bu, respublikada hasil edilən qazdır.

Azərbaycan İES və Əlibayramlı İES mazutla 50%, qazla 40% təmin edilir.

Dünən axşam "Makat-Şimali Qafqaz" və "Mazdok-Qazıməmməd" magistral qaz kəmərlərində plan-profilaktik və təmir işləri kompleksi çərçivəsində Azərbaycana qaz verilməsi dayandırılıb. Qaz verilməsinin üç gündən sonra bərpa ediləcəyi ehtimal olunur.

Azərbaycana qaz tədarük edən şirkət "Qazeksport" şirkətidir. Bu şirkət ötən ilin birinci yarısında tədarük edilmiş 2,6 mlrd. kubmetr qazla müqayisədə bu ilin yanvar-iyun aylarında Azərbaycana 2 mlrd. 325,6 mln. kubmetr qaz tədarük edib.

2006-cı ilin iyun ayında şirkətin tədarük həcmi 325,6 mln. kubmetr qaz təşkil edib. Ötən ilin iyun ayında Azərbaycana 367,1 mln. kubmetr qaz tədarük edilib.

Cari ildə ARDNŞ "Qazeksport" şirkətindən 1 min kubmetrinin qiyməti 110 ABŞ dolları olan 4,5 mlrd. kubmetr qaz almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti