"Şah dəniz" qaz kondensatı yatağının işlənməsi layihəsinin "Mərhələ-1" çərçivəsində ildə 8,6 mlrd. kub metr qaz hasil ediləcək. Trend xəbər verir ki, bu barədə layihədə 10 faizə malik Fransanın "Total" şirkətinin məlumatında deyilir.
Bu gün şirkət yataqdan qaz və kondensatının kommersiya hasilatına başlanılması barədə məlumat yayıb.
Azərbaycanın "Şah dəniz" qaz kondensatı yatağındakı birinci istismar quyusundan sutkada 5,6 mln.m3 qaz və 2,5 min ton qaz kondensatı hasil edilir.
Qaz hasilatına dekabrın 15-də başlanılıb. Birinci istismar quyusunun dərinliyi 6500 metr təşkil edir, bu quyu dənizin 100 metr dərinliyində qazılıb.
"Şah dəniz" yatağının işlənməsi ilə bağlı kontrakt 1996-cı ildə Bakıda imzalanıb. Layihənin iştirakçıları: BP (operator - 25,5%), Statoil - 25,5%, ARDNŞ, LUKOYL, NICO və TOTAL hərəsi 10%, TPAO - 9%.
"Şah dəniz" yatağının ehtiyatları 1 trln. m3 qaz və 100 mln. ton kondensat hesablanıb.