Azərbaycan tərəfi elektrik enerjisinin tədarükü üçün həcm və tariflər üzrə danışıqların növbəti raundunun keçirilməsi üçün rusiyalı həmkarlarını Azərbaycana dəvət edib. "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərovun Trend ə verdiyi xəbərə görə, görüş dekabrın 23-24-də Bakıda keçiriləcək.
Bu ilin sonunadək elektrik enerjisinin tədarük şərtləri dəyişməz qalacaq. Əvvəl Rusiya ilə aparılan danışıqlar zamanı Rusiyadan elektrik enerjisinin idxalının azaldılması və ya tam dayandırılması və tariflərin yüksəldilməsi məsələsi müzakirə edilib.
Əvvəl "Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin qeyd etdiyi kimi, 2007-ci ildə Azərbaycan Rusiyadan 700 mln. kVt/s elektrik enerjisi almaq niyyətindədir.
Onun sözlərinə görə, Rusiya tərəfi bildirib ki, bu il Azərbaycana elektrik enerjisi tədarükünü xeyli azaldacaq. Əgər əvvəl qış dövründə elektrik enerjisinin tədarük gücü təxminən 300 MVt idisə, o zaman gələn il bu göstərici 60 MVt-ı ötməyəcək. "Azərenerji"nin başçısı qeyd edib ki, əgər Rusiya tərəfi hər ay 100 mln. kVt/s elektrik enerjisi tədarük edirdisə, o zaman gələn il bu həcm ayda 30 mln. kVt/s-a qədər azalacaq.
Rusiya tədarük edilən 1 kVt/s elektrik enerjisinin tarifinin 4,1 sentə qədər artırılması haqqında müraciətlə çıxış edib. Bu ilin sonunadək Azərbaycan gecə vaxtı Rusiyaya 1 kVt/s elektrik enerjisini 1,6 sentə satacaq və ümumi həcm 350 mln. kVt/s təşkil edəcək. Öz növbəsində Rusiya tərəfi Azərbaycana gündüz vaxtı 1 kVt/s elektrik enerjisini 3,636 sentə tədarük edəcək və ümumi həcm 1 mlrd. kVt/s təşkil edəcək.