...

Azərbaycan Gürcüstana qaz ixracını artırmağa hazırdır

Energetika Materials 16 Aprel 2007 12:50 (UTC +04:00)
Azərbaycan Gürcüstana qaz ixracını artırmağa hazırdır

Azərbaycan, Bakı /müx. Trend N.Kirtsxalia, S.Əliyev/ Aprelin 16-dan 17-ə keçən gecədən Rusiya Gürcüstan və Ermənistana qaz nəqlini dayandıracaq. Bu barədə Trend ın xüsusi müxbirinə Gürcüstanın Neft və Qaz Korporasiyasından məlumat verilib. Xəbərə görə, Rusiya tərəfi öz qərarını Şimal-Cənub qaz kəmərində təmir işlərinin aparılmasının vacibliyi ilə əlaqələndirib.

Korporasiyadan həmçinin qeyd ediblər ki, qazsız qalmaq təhlükəsi ilə üz-üzə gələn gürcü tərəfi artıq Azərbaycanla danışıqlar aparıb və "Şahdəniz" yatağından hasil olunan qazın nəqlinin artırılması ilə bağlı razılaşma əldə edib. "Biz istehlakçını əmin edə bilərik ki, o, qaza ehtiyac duymayacaq və əhali "mavi yanacaq"la tam təmin olunacaq" - deyə korporasiyadan bildiriblər.

Qeyd edək ki, hazırda Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstana 1 milyon kubmetr qaz nəql olunur. Güman edilir ki, artıq həcmlə qazın ötürülməsi bir neçə gün davam edəcək. Azərbaycan hökumətindən bildiriblər ki, bu gündən etibarən Gürcüstana ixrac olunan qazın həcmləri artırılacaq. "Artıq həcmlə qaz bir neçə gün nəql ediləcək və gələcəkdəki ixrac hesabına kompensasiya olunacaq" - deyə hökumətdən məlumat verilib. Yəni bu o deməkdir ki, gələn aylarda Gürcüstan daha az həcmdə qaz alacaq.

Məlumat üçün bildirək ki, Gürcüstanın 2007-ci ildə "Şahdəniz"dən alacağı qazın (1000 kubmterin qiyməti 63 dollardır) həcmi 250 milyon kubmter olacaq. Əlavə həcmlər və onların qiyməti isə tərəflər arasında danışıqların mövzusudur.

"Azəriqaz"la əldə edilən anlaşmaya görə, 2007-ci ilin ilk üç ayında Gürcüstan Azərbaycana məxsus 105 milyon kubmetr qaz alıb. Bu qazın qiyməti (1000 kubmetr üçün) 120 dollar olub. Azərbaycanın öz qazının Gürcüstana nəqli perspektivləri hazırda tərəflər arasında aparılan danışıqların predmetidir.

Xəbər lenti

Xəbər lenti