Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Avropa Yenidənqurma və İnkşaf Bankı (AYIB) Bakı-Tiflis-Ceyhan kəmərini ətraf mühit üçün təhlükəsiz layihə hesab edir. Bunu çərşənbə günü Bakıda "Xəzər neft və qaz - 2007" konfransında AYIB-in baş bankiri Jan Patrik Marquet söyləyib.
"Bizim nəzərimizcə, BTC boru kəməri təhlükəsiz layihədir. Bu da bilavasitə ətraf mühitin mühafizəsi ilə bağlıdır",-deyə o bildirib.
Avropa Bankı hesab edir ki, BTC effektiv layihədir.
"Biz kəmərlə neftin daşınması üzrə ödəmə tariflərinin analizini aparmışıq, hər üç ölkə bu əməliyyatlardan bir neçə milyard dollar gözləyə bilər",-deyə o söyləyib.
Onun sözlərinə görə, BTC kəmərinin Azərbaycandakı uzunluğu Gürcüstana nisbətən daha çoxdur, amma Gürcüstan tariflərin ödənilməsindən daha çox qazana bilər.
Nəzərə almaq lazımdır ki, bilavasitə neft hasilatı da daxil olmaqla Azərbaycanın bir çox digər qazancları var, Gürcüstan isə ancaq tranzit ölkədir ki, bu da nəzərə alınmalı faktordur, deyə AYIB-in baş bankiri söyləyib.