...

Ekspertlər: "Türkiyə ilə İranın türkmən qazı ilə bağlı razılaşması transxəzər qaz kəmərinə mənfi təsir göstərə bilər"

Energetika Materials 25 İyul 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev / Türkmən və İran qazının Türkiyəyə və oradan NABUCCO boru kəməri ilə Avropa Birliyi ölkələrinə nəqli türkmən qazının Azərbaycan ərazisi ilə nəqli üçün nəzərdə tutulan transxəzər qaz kəmərinin tikintisinə mənfi təsir göstərə bilər. Bu, Bakıda Trend tərəfindən rəyi öyrənilən ekspertlərin fikridir.

Bu ay birgə qaz əməliyyatları ilə bağlı razılaşmanı Türkmənistan, İran və Türkiyə imzalayıblar.

Razılaşmanın konkret şərtləri hələ açıqlanmır. Lakin ekspertlərin fikrincə, bu, Türkiyə ilə İran arasında imzalanan digər müqavilə ilə, yəni İranın "Cənubi Pars" qaz yatağının işlənilməsi ilə sıx bağlıdır. Bu yatağı Türkiyənin "TPAO" şirkəti işləyəcək.

Türkiyənin birgə qaz layihələrindəki iştirakının əleyhinə artıq ABŞ tərəfi çıxış edib. Konkret olaraq Vaşinqton İranın enerji layihələrinə investisiyaların yatırılmasına qarşı çıxış edir.

"Çox güman ki, ABŞ mübarizə apardığı ölkəyə bir NATO ölkəsinin investisiyalar yatırmasının əleyhinədir" - deyə ekspertlər qeyd edirlər.

ARDNŞ əvvəllər İranla birgə qaz nəqli layihəsini nəzərdən keçirirdi. Layihəyə əsasən, türkmən qazı İrana nəql olunmalı və tranzit yolu ilə Azərbaycana daxil olmalı idi. Azərbaycanı Türkiyə ilə illik ötürücülük qabiliyyəti 20 mlrd. kubmetr olan Cənubi Qafqaz boru xətti birləşdirir. Lakin İran tərəfi Azərbaycana yalnız türkmən qazının reksportunu təklif etdi. Yəni bu qazı Azərbaycana satmağı təklif etdi. Nəticədə danışıqlar nəticəsiz oldu.

Xəbər lenti

Xəbər lenti