...

Nazir: "Yunanıstan Azərbaycan qazının Avropaya tranzitində mühüm rol oynaya bilər"

Energetika Materials 2 Avqust 2007 10:51 (UTC +04:00)
Nazir: "Yunanıstan Azərbaycan qazının Avropaya tranzitində mühüm rol oynaya bilər"

Azərbaycan, Bakı /müx. Trend A.Bədəlova/ Yunanıstan Azərbaycan qazının Avropaya tranzitində mühüm rol oynaya bilər. Bunu cümə axşamı Bakıda Yunanıstanın inkişaf naziri Dimitris Sioufas deyib.

"Yunanıstan müəyyən mənada Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Biz qazın Cənubi Avropaya nəqli üçün real imkanlar yaradırıq" - deyə o vurğulayıb.

Yunan nazirinin Bakıya səfəri zamanı Azərbaycan tərəfi ilə neft-qaz sahəsindəki əməkdaşlığa dair Memorandumun imzalanması gözlənilir. Müvafiq anlaşma Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin iqtisadi, sənaye və texnoloji sahələr üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının birinci iclasında iştirak etməsi üçün iyulun 2-3-də Yunanıstana səfəri zamanı əldə olunub. Toplantının protokolunda Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya boru kəməri ilə Avropaya nəqli imkanlarının mümkünlüyü xüsusi vurğulanıb.

"Əminəm ki, Azərbaycana səfərim ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın yeni erasını açacaq. Hazırda Azərbaycanla Türkiyə arasında gözəl münasibətlər mövcuddur" - deyə Sioufas bildirib.

Onun sözlərinə görə, Yunanıstan Azərbaycanla iqtisadi əlaqələrin inkişafına çalışacaq. Azərbaycan qazını "Şahdəniz"dən Türkiyə vasitəsilə Yunanıstan və İtaliyaya nəql edəcək boru kəmərinin açılışı sentyabrın 15-nə planlaşdırılır.

İyulun 26-da İtaliya, Türkiyə və Yunanıstan saziş imzalayıblar. Həmin sazişə görə boru xəttin Türkiyə ilə Yunanıstanı birləşdirən hissəsi avqustun sonunda fəaliyyətə başlamalıdır. İtaliya ilə Yunanıstan arasındakı hissənin istismara verilməsi isə 2008-ci ildə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti