...

BP Azerbaijan 2007-ci ildə Azərbaycanda neft-qaz layihələri üzrə kapital xərcləri proqnozunu açıqlayıb (video)

Energetika Materials 15 Avqust 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanda BP Azerbaijan şirkətinin operator olduğu əsas layihələr üzrə kapital xərcləri proqnoza görə 2007-ci ildə 3,179 mlrd. dollar təşkil edəcək ki, bu da ilin əvvəlinə olan proqnozdan 87 mln. dollar çoxdur. BP Azerbaijan rəhbəri Bill Şredr çərşənbə günü mətbuat konfransında bildirib ki, layihələr üzrə kapital xərclərinin artması bir sıra əlavə işlər, xüsusilə "Şahdəniz" yatağında SDX-4 quyusunda ikinci maili lülənin qazılması, Cənubi Qafqaz qaz kəmərində əlavə işlərin görülməsi ilə əlaqədardır.

Bəzi xərclər də həmçinin 2006-cı ildən 2007-ci ilə keçib. 2007-ci ildə "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə kapital xərcləri 2,569 mlrd. dollar, "Şahdəniz" qaz kondensat yatağının işlənilməsi layihəsi üzrə 378 mln. dollar, Bkı-Tiflis-Ceyhan layihəsi üzrə 170 mln. dollar, Cənubi Qafqaz qaz kəməri (SCP) üzrə 62 mln. dollar təşkil edəcək.

Onun sözlərinə görə, 2007-ci ilin birinci yarımilində bu layihələr üzrə kapital xərcləri 1597 mln. dollar təşkil edib. 2007-ci ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə kapital xərcləri 1337 mln. dollar, "Şahdəniz" üzrə 177 mln. dollar, Bakı-Tiflis-Ceyhan üzrə 52 mln. dollar, Cənubi Qafqaz qaz kəməri (SCP) üzrə31 mln. dollar təşkil edib.

2007-ci ildə "Azəri-Çıraq-Günəşli" (396 mln. dollar) və "Şahdəniz" (196 mln. dollar) layihələri üzrə əməliyyat xərcləri 592 mln. dollar səviyyəsində planlaşdırılır.

Birinci yarımildə "Azəri-Çıraq-Günəşli" (180 mln. dollar) və "Şahdəniz" (75 mln. dollar) layihələri üzrə əməliyyat xərcləri 255 mln. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti