Bakı. Eldar Canaşvili - Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə dəstəyini artırır, çünki ölkə iqtisadiyyatı eyni anda koronavirus epidemiyası və dünya neft bazarındakı şokla üzləşib.
Trend-in məlumatına görə, AYİB Azərbaycan da daxil olmaqla 38 ölkədə mövcud müştəriləri üçün bir milyard avro məbləğində fövqəladə "həmrəylik paketi" təqdim edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone, Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen və Azərbaycan üzrə rəhbəri İvana Duarte ilə görüşü zamanı həmrəylik paketi çərçivəsində birgə səylərin təşkili müzakirə olunub. AYİB nümayəndələri yerli şirkətlərə koronavirus epidemiyasının fəsadlarının öhdəsindən gələ bilmələri üçün təcili maliyyə vəsaiti ayırmağı vəd edib.
M.Cabbarov AYİB-in daimi dəstəyini alqışlayıb və qeyd edib ki, Azərbaycan hökuməti COVID-19 pandemiyasının mənfi iqtisadi nəticələrinin azaldılması üzrə maliyyə tədbirləri üçün bir milyard manat ayırıb.
Öz növbəsində M.Patrone AYİB-lə Azərbaycan hökuməti arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib və bankın xüsusilə də çətin dövrlərdə ölkə iqtisadiyyatına dəstəyə sadiqliyini bir daha təsdiq edib.
AYİB-in dəstəyi yüksək likvidliliyin, kapital dövriyyəsinin və ticarət maliyyələşməsinin təmin olunması kimi tədbirləri əhatə edir.