Bakı. Trend:
2008-2022-ci illərdə beynəlxalq maliyyə təşkilatları və inkişaf agentlikləri Azərbaycanda ümumi dəyəri 6,2 milyard dollar olan 227 suveren maliyyələşdirmə əməliyyatı həyata keçirib.
Trend bu barədə Avrasiya Stabilizasiya və İnkişaf Fonduna (EFSR) istinadən xəbər verir.
Maliyyələşdirmə əməliyyatlarının böyük qismi (180) texniki dəstəyin payına düşüb, ikinci yerdə investisiya kreditləri (44), daha sonra isə stabilizasiya kreditləri (2) və qrantlar (1) gəlib. Pul vəsaitlə maliyyələşdirmənin böyük faizi investisiya kreditləri (5,5 milyard dollar) və stabilizasiya kreditləri formasında ayrılıb.
Daha böyük həcmdə maliyyələşdirmə Asiya İnkişaf Bankının 33 əməliyyatı çərçivəsində 2,7 milyard dollar dəyərində daxil olub. İkinci yerdə iki milyard dollar dəyərində 55 əməliyyat həyata keçirmiş Dünya Bankı dayanıb. Beynəlxalq Valyuta Fondu texniki dəstək göstərilməsi üzrə 70 əməliyyat həyata keçirib, inkişaf agentlikləri arasında isə 53 texniki dəstək layihəsi ilə USAID birinci yerdə gəlib.
EFSR-in məlumatına görə, Azərbaycanda əməliyyatların böyük bir hissəsi 2021-ci ildə həyata keçirilib.
EFSR suveren maliyyələşdirməsi üzrə məlumat bazası Avrasiya regionunun 11 ölkəsini əhatə edir və 10 beynəlxalq maliyyə institutu tərəfindən maliyyələşdirilən əməliyyatlara dair məlumatları ehtiva edir: Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB), Asiya İnkişaf Bankı (AİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İnvestisiya Bankı (AİB), Yeni İnkişaf Bankı (NDB), İslam İnkişaf Bankı (İİB), Avrasiya İnkişaf Bankı (İİB) və Avrasiya Stabilizasiya və İnkişaf Fondu (EFSR).
Həmçinin, altı inkişaf agentliyi fəaliyyət göstərir: Fransa İnkişaf Agentliyi (AFD), Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi (GIZ), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC), Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID).