Bakı. Trend:
2024-cü ilin birinci rübündə "PASHA Capital"ın aktivləri 114 milyon 133 min manat olub.
Trend xəbər verir ki, bu barədə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev 2023-cü il üzrə fəaliyyətin yekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuat konfransında çıxışında deyib.
"Bu məbləğə əsas töhfəni 40 milyon 637 min 613 manatdan ibarət pul vəsaiti və qısamüddətli aktivlər verib. Qiymətli kağızlara investisiyalar əhəmiyyətli dərəcədə artaraq 71 milyon 132 min 237 manata çatıb ki, bu da şirkətin diversifikasiyaya və gəlirliliyin artmasına doğru strateji istiqamətini nümayiş etdirir.
Ticarət və digər debitor borcları 549 min 281 manat, əmlak və avadanlığın dəyəri isə 439 min 471 manat olaraq qiymətləndirilir. Həmçinin, qeyd etmək lazımdır ki, şirkətin qeyri-maddi aktivləri 525 min 614 manat olub", - deyə o bildirib.
Qeyd edək ki, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ilin iyun ayında yaradılıb. PAŞA Kapital müştərilərinə geniş spektrə malik xidmətlər, o cümlədən broker xidməti, konsaltinq və tədqiqat, anderraytinq, marjinal ticarət, konsultasiya xidmətləri, eləcə də digər yanaşı investisiya xidmətləri təklif edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)