Bakı. Trend:
Azərbaycanın ilk fintex şirkəti olan “Qoldenpey” ASC 2007-ci
ildən etibarən Azərbaycanda onlayn ödənişlər sahəsində əsas aparıcı
qüvvələrdən biridir. 17 iyul 2024-cü il tarixində Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən “Qoldenpey” ASC-yə
Elektron Pul Təşkilatı lisenziyası verilmişdir. Şirkət təqdim
etdiyi rəqəmsal maliyyə həlləri vasitəsilə insanların gündəlik
həyatını daha da asanlaşdırır.
“Qoldenpey” ASC-nin missiyası innovativ və etibarlı ödəniş
texnologiyaları vasitəsilə fərdi və korporativ istifadəçilərin
tələblərinə uyğun, yüksək keyfiyyətli xidmətlər təklif etməkdir.
Şirkətin fəaliyyəti müştəriyönümlülük, təhlükəsizlik, inkişaf və
şəffaflıq prinispləri üzərində qurulub.
Şirkət fəaliyyətə başladığı gündən korporativ sahədə müxtəlif
bizneslərə ekvayrinq xidməti göstərərək milyonlarla onlayn ödəniş
həyata keçirib.
İstifadəçilərə daha böyük imkanlar təqdim etmək məqsədilə
“Qoldenpey” ASC tərəfindən 2011-ci ilin aprel ayında “Hesab.az”
onlayn ödəmə portalı istifadəyə verilib. Platforma kommunal,
kredit, dövlət ödənişləri, sığorta xidmətləri və digər müxtəlif
ödənişlər üçün geniş imkanlar təqdim edir. Həmçinin “Qoldenpey” ASC
hazırda ödəniş terminalları və “Pulz” mobil tətbiqi vasitəsi ilə də
istifadəçilərə müxtəlif ödəniş xidmətləri təqdim edir.
Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 27A ünvanında yerləşən, nizamnamə kapitalı 12,500,000 (on iki milyon beş yüz min) Azərbaycan manatı həcmində olan “Qoldenpey” Açıq Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını Məhdud Məsuliyyətli Cəmiyyətə dəyişdiyi üçün, AZ1002019408 dövlət qeydiyyat nömrəli, nominal dəyəri 12.5 manat (on iki manat əlli qəpik) olan, 1,000,000 (bir milyon) ədəd adi, adlı, sənədsiz səhmlərini dövriyyədən çıxarır.
Şirkət, öz müştərilərini və digər bütün maraqlı tərəfləri bu barədə məlumatlandırmaq və bütün hüquqi prosedurların düzgün həyata keçirildiyini bildirmək məqsədilə bu barədə mətbuatda məlumat yayımlayır.