Bakı. Trend:
Azərabycan təbii resursların idarəolunmasında fiskal intizamın gücləndirilməsinə nail olub.
Trend bu barədə Avroya Yenidənqurma və İnkişaf Bankına (AYİB) istinadən xəbər verir.
“Resursların idarə olunması qarışıq nəticələr nümayiş etdirir. Azərbaycan da daxil olmaqla bəzi ölkələr Dövlət Neft Fondunu tənzimləyən fiskal qaydaları tətbiq etməklə şəffaflığı və fiskal intizamı gücləndiriblər. Eyni zamanda, Cənubi və Şərqi Aralıq dənizi regionunda hasilatın idarə olunması üzrə göstəricilər aşağı səviyyədə qalır və 2016–2024-cü illər ərzində geriləmə müşahidə olunub”, - deyə 2026–2030-cu illər üçün təklif olunan İqtisadi İdarəetmə Strategiyasında qeyd olunur.
Ümumilikdə hesabatda bildirilir ki, resurslara malik olub aydın fiskal və tənzimləyici çərçivələr tətbiq edən ölkələr daha yüksək sabitlik və hesabatlılıq səviyyəsinə nail olublar, islahatlar aparmayan dövlətlər isə qeyri-səmərəli idarəetmə və manipulasiya yolu ilə mənfəətyönümlü davranış riskləri ilə üzləşməkdə davam edirlər.
Qeyd edək ki, İqtisadi İdarəetmə Strategiyası bankın uzunmüddətli sistemli dəyişikliklərə fokuslanmaqla təsir imkanlarının dərinləşdirilməsini hədəfləyir. Bu, daxili və xarici kapitalın cəlb olunması ilə yanaşı, özəl sektorun artımını və innovasiyalarını stimullaşdıran rəqabətli biznes mühitinin formalaşmasına töhfə verəcək.
Strategiya çərçivəsində bank dövlətin ənənəvi olaraq nəzarət etdiyi sahələrdə özəl şirkətlərin iştirakını artırmağı, bankın kapitalından müəssisələrin formalaşdırılması və inkişafı üçün istifadəni təşviq etməyi, həmçinin dövlət müəssisələri və maliyyə institutlarının şəffaflığını və hesabatlılığını yüksəltməyi planlaşdırır.
