...

Dayanıqlı gələcək üçün irəliləyiş təşəbbüsləri: beynəlxalq təşkilatlar COP-u necə dəstəkləyir

Yaşıl iqtisadiyyat Materials 15 Avqust 2024 17:17 (UTC +04:00)
Dayanıqlı gələcək üçün irəliləyiş təşəbbüsləri: beynəlxalq təşkilatlar COP-u necə dəstəkləyir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP iqlim dəyişikliyi məsələlərinə həsr olunmuş və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində keçirilən mühüm beynəlxalq tədbirdir.

İlk COP 1995-ci ildə Berlində keçirildi və o vaxtdan bəri hər il keçirilən görüşlər bütün dünyadan hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Son illərdə iqlim dəyişikliyi mövzusu ərzaq təhlükəsizliyi məsələləri ilə daha sıx əlaqələndirilir ki, bu da COP və BMT-nin Dünya Ərzaq Proqramı (WFP) arasındakı əməkdaşlığı xüsusilə əhəmiyyətli edir. Bu təşkilatların birgə səyləri aclıqla mübarizəyə və xüsusilə iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən həssas regionlarda milyonlarla insanın həyat şəraitini yaxşılaşdırmağa yönəlib.

Uğurlu əməkdaşlığın parlaq nümunələrindən biri “Aktivlər üçün Ərzaq Yardımı” (FFA) proqramıdır. Bu təşəbbüs çərçivəsində WFP və COP iqlim risklərinə məruz qalan icmalarda dayanıqlı gəlir mənbələrinin yaradılması və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün qüvvələri birləşdiriblər. FFA layihələri arasında deqradasiyaya uğramış torpaqların bərpası, suvarma sistemlərinin yaradılması və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi yer alır.

Uğurlu təşəbbüslərdən biri də “Ərzaq Təhlükəsizliyi üçün İqlim Adaptasiyası və Dayanıqlılığı” (CARFS) proqramıdır. Bu proqram çərçivəsində WFP və COP iqlim dəyişikliyinə ən həssas olan ölkələrdə ərzaq sistemlərinin dayanıqlığını artıran adaptasiya tədbirlərini hazırlayır və həyata keçirir. Məsələn, Malavidə kənd təsərrüfatının uyğunlaşdırılması layihəsi çərçivəsində dayanıqlı kənd təsərrüfatı üsullarının tətbiqi və su təminatının yaxşılaşdırılması sayəsində məhsuldarlığı xeyli artırmaq və quraqlıq səbəbindən məhsul itkisi riskini azaltmaq mümkün olub.

COP-un əməkdaşlığı yalnız WFP ilə məhdudlaşmır. Belə ki, COP və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq dayanıqlı kənd təsərrüfatının təşviqi və iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

COP və FAO arasında əməkdaşlığın ən mühüm nümunələrindən biri iqlim dəyişikliklərini nəzərə alan dayanıqlı kənd təsərrüfatını təşviq edən “İqlimə Dayanıqlı Kənd Təsərrüfatı” (CSA) təşəbbüsüdür. Proqram ekstremal hava şəraitinə qarşı dayanıqlığı artıran, su resurslarının idarə edilməsini yaxşılaşdıran və biomüxtəlifliyi qoruyan metodların tətbiqini əhatə edir. Nepalda bu təşəbbüs sayəsində fermerlər təsərrüfatlarını dəyişən iqlim şəraitinə uyğunlaşdıraraq məhsuldarlığı artırmağa və təbii fəlakətlərdən itkiləri azaltmağa müvəffəq olublar.

Bundan əlavə, “Qlobal Torpaq Tərəfdaşlığı” (GSP) COP və FAO-nun birgə səylərini birləşdirdiyi daha bir uğurlu təşəbbüsdür. Bu layihə ərzaq təhlükəsizliyini təmin edən torpaq resurslarının mühafizəsi və bərpasına yönəlib. GSP çərçivəsində torpaqların eroziyasının qarşısının alınması, onların məhsuldarlığının artırılması və torpaqlarda karbonun saxlanması kimi tədbirlər həyata keçirilmişdir ki, bu da iqlim dəyişikliyinin təsirlərinin yumşalmasına kömək edir. Uğurlu tədbirlərin nümunələrini Latın Amerikasının ölkələrində görmək olar, burada torpaq idarəçiliyinin yaxşılaşdırılması məhsuldarlığın artmasına və istixana qazı emissiyalarının azalmasına gətirib çıxarıb.

Öz növbəsində COP-un Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) ilə əməkdaşlığı iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan kənd icmalarının yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Bu baxımdan ən uğurlu təşəbbüslərdən biri IFAD tərəfindən COP-un dəstəyi ilə hazırlanmış “Kiçik Fermer Təsərrüfatları üçün Adaptasiya Proqramı”dır (ASAP). Bu proqram kiçik fermerlərə dəyişən iqlim şəraitinə uyğunlaşmağa kömək etmək məqsədi daşıyır. Məsələn, Nigerdə ASAP fermerlərə aqromeşəçilik üsullarını və suya qənaət sistemlərini tətbiq etməyə kömək etmişdir ki, bu da kənd təsərrüfatının quraqlığa davamlılığını xeyli yaxşılaşdırmış və məhsuldarlığı artırmışdır.

Daha bir layihə – “Kənd Yerləri Üçün Bərpa Olunan Enerji” (RERL) IFAD tərəfindən COP ilə birgə həyata keçirilir və kənd ərazilərində bərpa olunan enerji mənbələrinin inkişafına yönəlib. Nepalda bu təşəbbüs günəş panelləri və mini hidroelektrik stansiyaların tətbiqini təmin etmiş, bu da uzaq kəndləri enerji ilə təmin etmiş və kənd təsərrüfatının inkişafına kömək etmişdir. Bərpa olunan enerji mənbələrindən istifadə həmçinin istixana qazı emissiyalarını azaltmağa və yerli sakinlərin yaşayış şəraitini yaxşılaşdırmağa imkan verdi.

Həmçinin, bu günə qədər qəbul edilmiş və həyata keçirilmiş kollektiv öhdəliklər və birgə əməkdaşlıq nəticəsində görülən tədbirlər haqqında da danışmaq istəyirəm.

Keçən dövr ərzində COP konfranslarında bir çox mühüm qərarlar qəbul edilmiş və iqlim sahəsində beynəlxalq əməkdaşlıq və öhdəliklər sahəsində əhəmiyyətli uğurlar əldə edilmişdir.

Bəzi əsas kollektiv öhdəliklər və konfranslarda qəbul edilmiş birgə tədbirlər:

Çeviklik mexanizmi (COP3, 1997): COP3-də qəbul edilmiş Kioto protokolu çərçivəsində ölkələr 2008-2012-ci illər arasında istixana qazı emissiyalarını 1990-cı ilin səviyyəsindən 5% aşağı azaltmağı öhdələrinə götürdülər. Bu saziş UNFCCC-nin emissiyaların azaldılması ilə bağlı ilk qlobal öhdəliklərindən biri oldu.

Nayrobi Adaptasiya Proqramı (COP12, 2006): Nayrobidə keçirilmiş COP12-də inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətlərini artırmaq üçün Nayrobi Adaptasiya Proqramı işə salınıb.

Kopenhagen Sazişi (COP15, 2009): COP15-də Kopenhagendə ölkələr qlobal istiləşmə səviyyəsini 2°C-dən aşağı səviyyədə saxlamağa razılaşdılar.

"Yaşıl" İqlim Fondu (COP16, 2010): COP16-da Kankunda inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına və onlara uyğunlaşmalarına kömək etmək üçün "Yaşıl" İqlim Fondunun (Green Climate Fund, GCF) yaradılması təsis edildi.

Durban Platforması (COP17, 2011): Durban-da keçirilmiş COP17-də bütün ölkələri əhatə edəcək yeni qlobal iqlim sazişinin hazırlanması üçün Durban Platforması qəbul edildi. Sonradan bu, 2015-ci ildə Paris Sazişinin qəbuluna səbəb oldu.

İqlim təşəbbüslərinin maliyyələşdirilməsi üçün qlobal hədəf: COP konfranslarında iştirakçı ölkələr inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizə səylərini dəstəkləmək üçün hər il 100 milyard dollar toplamağa razılaşdılar. Qeyd edək ki, COP29 çərçivəsində maliyyələşmənin 150 milyard dollara qədər artırılması məsələsi müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti