Bakı. Trend:
Qaz İxrac edən Ölkələr Forumu (GECF) Neft İxrac edən Ölkələr Təşkilatı ilə (OPEC) koordinasiya edərək Azərbaycanda keçiriləcək COP29-dakı iclas və müzakirələrdə effektiv rol oynaya bilər.
Trend-in məlumatına görə, bunu İranın neft naziri Möhsün Paknejad bu gün (9 sentyabr) Tehranda Qaz İxrac edən Ölkələr Forumunun katibi Məhəmməd Hamellə görüşdə deyib.
Onun sözlərinə görə, dünyada iqlimlə bağlı siyasətlərin irəliləşməsi, xüsusilə də yaşıl enerjiyə keçid dövründə enerji təhlükəsizliyində qazın rolu böyük əhəmiyyət kəsb edir.
Paknejad əlavə edib ki, İran Qaz İxrac edən Ölkələr Forumunun nazirlər səviyyəsində 26-cı iclasını təşkil etməyə hazırlıq işləri həyata keçirir. Neft Nazirliyi iclasın keçiriləcək məkanını Tehran olaraq müəyyənləşdirib və tezliklə dəvətnamələr hazırlanaraq üzv və müşahidəçi üzvlərə göndəriləcək. Ümid olunur ki, bu iclas maksimum üzv və müşahidəçi üzvlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək və Qaz İxrac edən Ölkələr Forumunun tarixində dönüş nöqtəsinə çevriləcək.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəfdaşlar konfransı (COP29) keçiriləcək.
Qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələrin neft nazirləri səviyyəsində 26-cı iclası 27-29 oktyabrda Tehranda keçiriləcək.