Bakı. Trend:
İqlim dəyişiklikləri Şərqi Karib hövzəsi xalqlarının iqtisadi və mədəni dayanıqlığına ciddi təsir göstərib.
Trend xəbər verir ki, bunu yerli xalqların hüquq müdafiəçisi Uitni Melinard Bakıda "Fəaliyyətdə birlik: Karib bölgəsinin ədalətli və dayanıqlı adaları üçün müxtəlif nəsillərin səsləri" mövzusunda panel müzakirəsində bildirib.
"Biz Şərqi Karib hövzəsində qalan son yerli xalqlarıq və inanırıq ki, iqlim dəyişikliyindən irəli gələn çətinliklərin öhdəsindən gəlmək üçün dözümlülüyümüz və yaradıcılığımız var. Bununla belə, təəssüf doğuran haldır ki, səbət hörmə və qayıq hazırlamaq kimi resurslarımızı, biliklərimizi və ənənələrimizi itirməkdə davam edirik, xüsusilə iqlimlə bağlı fırtınalar səbəbindən", - o bildirib.
Uitni Melinard vurğulayıb ki, bu itkilər icmalara təkcə ənənə baxımından deyil, həm də iqtisadi dayanıqlıq baxımından təsir edib, çünki icmada qadınlar səbət hörmə kimi ənənəvi sənətlə məşğuldurlar və bu sənətlərdən asılıdırlar.
"O cümlədən biz daha çox daşqınlar, torpaq eroziyası və bunun nəticəsində insanların köç etməsi ilə üzləşirik. Lakin birlikdə hərəkət etməyin vacibliyini dərk etmək üçün düşünürəm ki, ənənəvi bilikləri gənclərin enerjisi ilə birləşdirmək güclü və təsirli bir sinerji yarada bilər", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.