Almatı. Trend:
Avrasiya İnkişaf Bankı (AİB) Kambaratinsk SES-1 tikintisi layihəsini maliyyələşdirməyə hazırdır.
Trend xəbər verir, bunu AİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov Qazaxıstanın Almatı şəhərində keçirilən yekun mətbuat konfransında bildirib.
"Bu layihə üzrə biz Dünya Bankı ilə işləyirik. Texniki-iqtisadi əsaslandırmaya texniki dəstək üçün vəsait ayırmağa hazırıq. Layihənin həyata keçirilməsi üçün də 500 milyon ABŞ dollarına qədər vəsait ayırmağa hazırıq", - deyə o qeyd edib.
N.Podquzov əlavə edib ki, hələlik layihənin ümumi dəyəri məlum deyil.
"Lakin düşünürəm ki, onun dəyəri 3–4 milyard ABŞ dolları arasında olacaq", - deyə o vurğulayıb.
Xatırladaq ki, Kambaratinsk SES-1 Qırğızıstanın Calal-abad vilayətinin Toqtoqul rayonunda Naryn çayı üzərində inşa edilən hidroelektrik stansiyadır. Bu stansiya Narın-Sırdarya hidroelektrik stansiyaları kaskadının yuxarı pilləsini təşkil edir və Kambaratinsk SES-2-dən 14 kilometr yuxarıda yerləşir. Tikinti tamamlandıqdan sonra Kambaratinsk SES-1 Mərkəzi Asiyanın ən iri hidroelektrik stansiyalarından biri olacaq. Stansiyanın tikintisi "Elektrik Stansiyaları" ASC tərəfindən həyata keçirilir və ilk hidroaqreqatın 2028-ci ildə istismara verilməsi planlaşdırılır.