...

Azərbaycanın milli rabitə peykinə böyük təlabat olacaq – alim Roald Saqdeyev

Telekommunikasiya Materials 3 May 2008 17:24 (UTC +04:00)
Azərbaycanın milli rabitə peykinə böyük təlabat olacaq – alim Roald Saqdeyev

Azərbaycan, Bakı, 03 may/ Trend müxbir S.Babayeva/ Azərbaycanın milli rabitə peykinə böyük təlabat olacaq. Məşhur alim-fizik Roald Saqdeyev belə hesab edir.

"Azərbaycan öz təşəbbüsünü reallaşdırdığı halda, təklif olunan mala böyük təlabat olacaq. İnformasiya yalnız Azərbaycan deyil, Asiyanın bütün inkişafda olan ölkələrinin ehtiyacı olacaq", - Saqdeyev Rabita Dunyasi (Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi qəzeti) qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan bunun üçün artıq əhəmiyyətli addımlar atıb, peykin buraxılmasının bir neçə variantı üzərində müzakirələr aparılır. "Hesab edirəm ki, müzakirələr başa çatdıqdan sonra düzgün qərar qəbul ediləcək və peykin orbitə buraxılması üçün ən rasional variant seçiləcək", - Saqdeyev bildirib.

Alim hesab edir ki, ölkə rəhbərliyinin rabitə sahəsinə böyük marağını nəzərə alaraq, bu prosesin informasiya və innovasiya sektorunun inkişafına təkan verəcəyini söyləmək olar. "Bunun nəticəsində Azərbaycan regionun informasiya mərkəzi olacaq", - Saqdeyev proqnozlaşdırıb.

Akademik Roald Saqdeyev Moskva Dövlət Universitetinin məzunudur. İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda, SSRİ EA Sibir Şöbəsinin Nüvə Fizikası İnstitutunda çalışıb. 1989-cu ildən Merilend Universitetində (ABŞ) işləyir, eyni zamanda REA Kosmik Tədqiqatlar İnstitutunun baş elmi əməkdaşıdır. Plazma fizikası (zərbə dalğaları, köçürmə prosesləri, dayanıqsızlıq), idarəedilən istilik-nüvə sintezi problemi, kosmik fizika üzrə elmi əsərlər Saqdeyevə məxsusdur.

Xəbər lenti

Xəbər lenti