...

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Transmilli Avrasiya superinformasiya magistralı" layihəsinin inşası ilə bağlı RRB-dən dəstək almaq niyyətindədir

Telekommunikasiya Materials 20 May 2009 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir S.Babayeva /  

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Transmilli Avrasiya superinformasiya magistralı layihəsinin inşası ilə bağlı Rabitə sahəsində Regional Birliyin (RRB) dəstəyini almaq niyyətindədir. Bu barədə çərşənbə günü nazirlikdən deyiblər.

"Nazirliyin nümayəndə heyəti RRB-nin Rabitə Administrasiyası rəhbərlərinin görüşündə iştirak etmək üçün Bordoya (Fransa) yola düşüb. Səfər çərçivəsində nazirliyin nümayəndə heyəti magistral salınması layihəsinin təqdimatı ilə çıxış edəcək", - RİTN-dən bildiriblər.

Bir müddət öncə RİTN Azərbaycan Hökumətinin təşəbbüsü ilə Avropa Şurası Parlament Assambleyasnın (AŞ PA) iclasında  "Transmilli Avrasiya superinformasiya magistralına dəstək haqqında" sənəd yaymışdı. Sənəd Avropa Şurasında maraqla qarşılanıb.

Layihənin məqsədi ucuz və keyfiyyətli internet əldə etmək, elektron informasiya şəbəkələrinin və elektron bazarın inkişafı üçün güclü informasiya infrastrukturu yaratmaqdan ibarətdir.

RİTN-də hesab edirlər ki, layihənin həyata keçirilməsi üzv ölkələrə informasiya texnologiyaları ilə yanaşı, iqtisadiyyatın digər sahələrini də inkişaıf etdirmək imkanı verəcək.

Ekspertlərin fikrincə, layihənin reallaşması üçün ilk növbədə vahid idarəetmə mərkəzi yaradılmalıdır və bütün maraq göstərən ölkələr tariflərin tənzimlənməsi üzrə vahid strategiyanın hazırlanmasında iştirak etməlidir.

Layihənin dəyəri hələ müəyyənləşdirilməyib. Layihənin təşəbbüskarı Azərbaycan Hökuməti və ABŞ-ın Ticarət və İnkişaf Departamentidir. RRB-nin Rabitə Administrasiyası rəhbərlərinin 40-cı iclasında Azərbaycan nümayəndə heyətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov başçılıq edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti