Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir Q.Vəliyev /
Bu gün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan və Latviyanın nazirləri səviyyəsində görüş keçirilib. Görüş çərçivəsində ölkələr arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Latviyanın nümayəndə heyətinə nəqliyyat və rabitə naziri Kaspers Qerxards başçılıq edib. O, Latviyada İKT sahəsində həyata keçirilən layihələr haqqında məlumat verib.
Qerxards həmçinin Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovu elektron imza, elektron hökumət, internetin inkişafı və s. barədə məlumatlandırıb.
Azərbaycan tərəfi öz növbəsində Latviya nümayəndə heyətinə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib.
Abbasov Şərq-Qərb Transavrasiya supermagistralı layihəsi haqqında da geniş məlumat verərək, Latviya tərəfi ilə sözügedən sahə üzrə əməkdaşlığa ümid etdiyini bildirib. Abbasov həmçinin Azərbaycanın Azerspace peykinin buraxılması layihəsi barədə də danışıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]